Zakir Həsənovun Türkiyə səfəri  - Nələr danışılacaq? 

Azərbaycanın müdafiə naziri,  general-polkovnik Zakir Həsənov  türkiyəli həmkarı  Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə səfər edib. 
Nazir İstanbulda keçiriləcək olan  “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edəcək.

Z. Həsənov sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Nazirin Türkiyə səfərini dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a açıqlamasında deyib ki, Həsənov və Gülər görüş zamanı iki ölkənin hava məkanının eyniləşdirilməsini müzakirə edəcəklər.

O əlavə edib ki, ümumiyyətlə nazirlərin sərgilərə heyətlərlə getməsinin səbəbi ölkələrin Müdafiə Sənaye şirkətlərinə və sonuncu istehsal oluna biləcək silah texnikasına, hava hücümundan müdafiə vasitələrinə baxışın keçrilməsidir:

"Biz bilirik ki, Türkiyə son zamanlar pilotsuz uçuş aparatlarının istehsalı üzrə tələb olunan ölkədir. Akınçı və Qızıl Alma pilotsuz uçuş aparatları uzun məsafəyə uça biləcək ağıllı təyyarə sisteminə keçiriləcək. Akınçıların ordumuzda mövcud olacağına dair məsləhətlər aparılmalıdır. Gələcəkdə heyətlərin yetişdirilməsi müzakirə edilməlidir. Türkiyənin Müdafiə Sənaye şirkətləri demək olar ki, silahlı qüvvələrdə mövcud olacaq bütün hərbi- texniki avadanlıqları istehsal edirlər. Bizdə də "Aselsan"  şirkətinin xüsusən  radiorabitə vasitələrinin, hərbi texniki avadanlığın mövcudluğu var. Kiber təhlükəsizlik konteksində mövcud ola biləcək informasiya texnologiyalarının təhlükəsizliyinin təmini üzrə Türkiyə ilə əməkdaşlığımız davam etdiriləcək. Bütün bu şirkətlər sərgidə təqdim olunanda bizim ehtiyaclarımız da dəyərləndiriləcək. Gələcəkdə Türkiyə hərbi-texniki avadanlıqlarını almağımız və qəbul etməyimiz üzərində məsləhətləşmələr olacaq. Əgər Türkiyə ordusunun mini modelinə keçiriksə, silahlı qüvvələrimizi qardaş ölkədə istehsal olunan avadanlıqlarla təmin etməliyik. NATO-nun standartlarına keçməliyiksə, bu, olmalıdır. Müdafiə nazirləri görüşəndə Təhlükəsizlik və müdafiə konsepsiyası, hava məkanının eyniləşdirilməsini  müzakirə edəcək".

Ekspet onu da qeyd edib ki, yeni texnikaların alınması sərgi zamanı baş verir: 

"Onlar sərgidə qiymətləndirilirlər. Sonra isə məsləhətləşmələr aparılır ki, bizim ehtiyaclara uyğundur, ya yox. Sırf sərgi zamanı müqavilələr bağlanır ki, gələcəkdə mövcud olacaq hərbi-texniki avadanlığın alınması və.s".

Şahanə Tağızadə