Zaxarovanın mesajı Kremlin strategiyasını üzə çıxardı - Hərbi ekspert

  • İsmail Cingöz: “Moskva Ukrayna ilə yanaşı diplomatik və psixoloji cəbhədə də hücuma keçib”

Rusiya-Ukrayna müharibəsi təkcə döyüş meydanında deyil, diplomatik və informasiya müstəvisində də davam edir. Münaqişə ilə bağlı tərəflərin verdiyi açıqlamalar onların siyasi mövqelərini, strateji hədəflərini və gələcək proseslərə baxışını əks etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukrayna, NATO və Qərbin Kiyevə dəstəyi ilə bağlı son bəyanatları da bu çərçivədə diqqət çəkir. Zaxarova Ukrayna Silahlı Qüvvələrini Rusiyanın mülki əhalisini və mülki nəqliyyat vasitələrini məqsədli şəkildə hədəfə almaqda ittiham edib. O, Kiyevə hərbi yardım göstərən ölkələrin “terrorizmin maliyyələşdirilməsində iştirakçıya çevrildiyini” iddia edib.

Rusiya XİN sözçüsü həmçinin Ankarada keçirilən NATO Sammitinin nəticələrini tənqid edərək, yekun bəyannamədə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konkret müddəanın yer almadığını bildirib. O, bəzi Avropa ölkələrinin imkanlarının tükənməsi ilə bağlı açıqlamalarını Kiyevə gələcək dəstəyin perspektivlərinin zəifləməsi kimi qiymətləndirib.

Beynəlxalq siyasət üzrə mütəxəssis və hərbi ekspert İsmail Cingöz Zaxarovanın açıqlamaları fonunda Rusiya-Ukrayna müharibəsinin gələcək istiqamətləri, Moskvanın diplomatik strategiyası və Türkiyə-Rusiya münasibətlərinin qarşıdakı dövrdə necə inkişaf edəcəyi ilə bağlı Sherg.az-a danışıb: 

"Mariya Zaxarovanın son açıqlamaları Rusiyanın təkcə hərbi deyil, eyni zamanda diplomatik və psixoloji cəbhədə də təzyiqi artırmaq strategiyasının bir hissəsidir. Bu açıqlamalar təkbaşına müharibənin yaxın zamanda mütləq intensivləşəcəyini göstərməsə də, Moskvanın mövcud hərbi hədəflərindən geri addım atmayacağını və uzunmüddətli tükəndirmə müharibəsinə hazırlaşdığını ortaya qoyur. Xüsusilə “hərbsizləşdirmə” və “nasistlərdən təmizləmə” ritorikasının yenidən vurğulanması Rusiyanın müharibənin əsas siyasi məqsədlərini dəyişmədiyini göstərir.

Qərb ölkələrinin Ukraynaya göstərdiyi hərbi yardımların “terrorizmin maliyyələşdirilməsi” kimi qiymətləndirilməsi isə hüquqi baxımdan deyil, daha çox siyasi və təbliğat xarakterli ritorikadır". 

Analitik Moskvanın bu ifadələrlə həm Qərb ictimaiyyətində Ukraynaya verilən dəstəyi mübahisəli hala gətirməyi, həm də gələcəkdə beynəlxalq platformalarda öz mövqeyini gücləndirməyi hədəflədiyini bildirib:

"NATO və Qərb ölkələrinin bu ittihamları qəbul etməsi gözlənilmir. Buna görə də qısamüddətli perspektivdə beynəlxalq münasibətlərdə ciddi siyasət dəyişikliyindən daha çox qarşılıqlı ritorika savaşının daha da sərtləşməsi ehtimal olunur.

Ankarada keçirilən NATO Zirvəsindən sonra Ukraynanın üzvlüyü ilə bağlı dəqiq təqvimin açıqlanmamasını Rusiya Qərbin dəstəyində zəifləmə əlaməti kimi şərh edir. Lakin bu, NATO-nun Ukraynadan imtina etdiyi anlamına gəlmir. Alyans üzvlük məsələsində ehtiyatlı davranarkən, hərbi, iqtisadi və kəşfiyyat dəstəyini davam etdirməkdədir.

Türkiyə baxımından isə bu açıqlamalar Ankaranın həssas balans siyasətini daha da əhəmiyyətli edir. Türkiyə bir tərəfdən NATO-nun güclü üzvü kimi kollektiv təhlükəsizlik mexanizminin tərkibində yer alır, digər tərəfdən isə Rusiya ilə enerji, ticarət, Qara dəniz təhlükəsizliyi, Suriya və Qafqaz kimi sahələrdə əməkdaşlığını davam etdirir. Buna görə də Ankaranın qarşıdakı dövrdə də dialoq kanallarını açıq saxlayan, vasitəçilik potensialını qoruyan və birbaşa qarşıdurmadan yayınan özünəməxsus çoxşaxəli xarici siyasət yanaşmasını davam etdirməsi gözlənilir".

Mütəxəssis qeyd edib ki, Zaxarovanın açıqlamaları göstərir ki, təkcə döyüş meydanında deyil, diplomatik mübarizədə də yeni ritorika mərhələsinə daxil olunub:

"Qarşıdakı dövrdə münaqişənin tamamilə başa çatmasından daha çox, hərbi təzyiq ilə diplomatik danışıqlar axtarışlarının eyni vaxtda davam etdiyi mürəkkəb mənzərəni görməyə davam edəcəyik".