- Hikmət Babaoğlu: Türk Dövlətləri Təşkilatını ən güclü beynəlxalq təşkilatlardan birinə çevirməliyik
Azərbaycanın xarici siyasətində Türk dünyası ilə münasibətlərin inkişafı və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi mühüm prioritetlərdən biri kimi çıxış edir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv və digər türk dövlətləri ilə siyasi, iqtisadi, investisiya və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu siyasət çərçivəsində qarşılıqlı etimada, strateji tərəfdaşlığa və uzunmüddətli əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlər ardıcıl şəkildə inkişaf etdirilir.
Son illərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsasları gücləndirilmiş, iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların artırılması istiqamətində konkret mexanizmlər formalaşdırılmışdır. Birgə investisiya fondlarının yaradılması və müxtəlif sahələrdə qarşılıqlı investisiyaların təşviqi Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən əsas istiqamətlərdəndir.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Azərbaycan Prezidenti Türk dünyasını həm ailə olaraq səciyyələndirdi, həm də Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərlə əlaqələri Azərbaycanın xarici siyasətinin əsas prioriteti kimi qiymıtlındirdi:
“Bu, səbəbsiz deyil. Hər şeydən öncə, burada milli tarixə qayıdış prioriteti və ortaq tarixi coğrafiyaya müraciət var. Çünki Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr Azərbaycanın da üzv olduğu bu vahid ailənin ortaq mirasına sahibdirlər. Və tarix boyu Türküstan coğrafiyası, Cənubi Qafqaz və Anadoluya qədər uzanan bu coğrafiyada yalnız o vaxt rifah, sülh mümkün olub ki, bu coğrafiyada yaşayan türklərin siyasi iradəsi hakim olsun. Amma bu tarixi təbii birliyin parçalanması xaricdən baş verib son 200 ildə və çox təəssüf ki, bu parçalanmanın əsas kritik nöqtəsi də Azərbaycandan keçibdir. Bu parçalanma həm Azərbaycanı bölüb, həm də Azərbaycanın Türküstan coğrafiyası ilə Anadolu coğrafiyasını birləşdirən coğrafi mövqeyini parçalayıbdır. Demək ki, bunu edən imperialist güclər düşünərək, strateji hədəf kimi müəyyənləşdirərək, hər bir siyasi qərarı vaxtında həyata keçiriblər: 1813-1828-ci illərdə və ondan sonrakı Sovet dövrü mərhələlərində. Bu azmış kimi, bizim ərazimizdə bu birliyin heç vaxt olmaması üçün bir də bir dövlət düzəldiblər və ardını da irmalısından qoyublar”.
Parlamentari qeyd edib ki, yeni reallığı yaradan, onun hərbi, siyasi və iqtisadi memarı olan Azərbaycan Prezidenti həm də bu yeni reallıqda ədaləti və sülhü təmin etmək istəyir:
“Çünki Türk xalqlarının tarixdə oynadığı rol bugün yalnız Azərbaycanın ərazisindən keçməklə, ədalət yenidən özünə qaytarıla bilərsə, demək ki, bu missiyanı hərbi-siyasi və hərbi-iqtisadi strategiyaya çevirmək də Azərbaycanla bağlı olmalıdır. Bax, Azərbaycan Prezidenti əslində bunu edir və xüsusilə qeyd edilməlidir ki, bu, dünən başlayan hadisə deyil, nə də 2020-ci ildən başlayan hadisə deyil. Çünki Türküstan, Cənubi Qafqaz və Anadolu coğrafiyasını birləşdirmək üçün layihələr 1994-cü ildən həyata keçirilməyə başlayıbdır. Böyük dövlət xadimi Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin məhz Türkiyə üzərindən Aralıq dənizinə çıxarılması ilə bağlı qərar qəbul etməsindən başlayıbdır. Bundan sonra, əlbəttə ki, biz çoxsaylı logistika, Cənubi Qafqaz və Anadolu qaz kəməri, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr həyata keçirməklə, əslində, bugün bu layihələrin son akkordu olacaq Zəngəzur dəhlizinin reallaşması üçün hərbi-siyasi şərtlər yaratmışıq. Məsələnin mahiyyəti bundan ibarətdir və əlbəttə ki, bu coğrafiyanın əsl sahibləri onun sərvətlərinin də sahiblərinə çevriləcəkdir. Ona görə də bax, burada artıq məsələnin geoiqtisadi tərəfinə diqqət etmiş oluruq. Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qırğızıstan arasında müxtəlif dövlətlər arasında, ya da hökumətlər arasında şuralar yaranıbdır. Çünki bu şuralar mövcud ideyaları layihələr şəklində həyata keçirməklə sülhü, sabitliyi və birliyi bir növ institutlaşdırırlar. Amma hədəf daha böyükdür. Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki, biz Türk Dövlətləri Təşkilatını daha da güclü etməliyik və onu ən güclü beynəlxalq təşkilatlarından birinə çevirməliyik”.