Avqustun 24-dən Quba rayonunun Çiçi bələdiyyəsi ərazisində başlayan yanğın söndürülüb.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov Azərtac-a bildirib ki, 15 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Xanlar Heybətov qeyd edib ki, çətin relyefli, dağlıq ərazidə baş verən yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti, yerli icra qurumlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri yaxından iştirak ediblər.
Çətin relyefli, dağlıq ərazidə baş verən yanğının söndürülməsi işləri bu gün səhər saatlarında başa çatdırılıb.