Səhiyyə Nazirliyi bu gün Xəzərdə SOCAR-ın qayığında baş verən partlayış zamanı yaralanan şəxslərin vəziyyəti ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub. Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında partlayış olub. 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.
17:10
Bu gün saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.
“ APA -Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.
Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılmışdır. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəkdir.