Üç ölkənin birgə təlimləri İranı xilas etməyəcək - RƏY

Tehranın özündə də yaxşı bilirlər ki, nə Rusiya, nə də Çin İrana görə ABŞ ilə vuruşacaq

Rusiya, Çin və İranın hərbi gəmiləri İrana məxsus Çabahar limanı yaxınlığındakı sularda "Təhlükəsizlik əlaqəsi-2025" adı altında təlimlər keçirib. Təlimlərin məqsədi 3 ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi olsa da, şübhəsiz, əsas məqsəd İrana dəstək nümayişidir. ABŞ İranla nüvə məsələsi ilə bağlı danışıqlara başlamaq niyyətindədir. 

Vaşinqtonun əsas məqsədi Tehrana öz tələblərini qəbul etdirməkdir. Ancaq İran rəhbərliyinin danışıqlara başlamaq üçün konkret tələbi var. Tehran hesab edir ki, ilk növbədə İran üzərinə qoyulmuş sanksiyalar götürülməlidir. Digər yandan İranın neft bazarına daxil olmasına şərait yaradılmasıdır. Ancaq Tramp administrasiyası bunları əlində bazarlıq vasitəsi kimi saxlamaq niyyətindədir. Qeyd edək ki, Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərdiyini və onu nüvə danışıqlarına dəvət etdiyini bildirib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz deyib ki, İran hökuməti nüvə zənginləşdirmə və silah proqramını ləğv etdiyini nümayiş etdirməlidir: "ABŞ Prezidenti Donald Tramp İranın dini lideri Əli Xameneiyə yazdığı məktubda İranla bağlı iki yolu olduğunu açıqlayıb: hərbi seçim və ya razılaşma əldə etmək! Ümid edirik ki, İran hökuməti öz xalqını və maraqlarını terrorizmdən üstün tutacaq".

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, İran daxilində ABŞ ilə aparılacaq danışıqlarda məsuliyyəti öz üzərindən atmaq üçün müxtəlif qruplar arasında mübarizə gedir. Ekspert vurğulayıb ki, İran Prezidenti Məsud Pezeşkian dialoqa hazır olduğunu, lakin ali dini lider Ayətullah Əli Xameneinin buna razılıq vermədiyini bildirdi: 

"Bundan sonra Donald Trampın Xameniyəyə məktub göndərərək dialoq təklif etməsinin əsas səbəbi də məhz bu amildir. Ağ Ev rəhbəri hələ ki, İranla müzakirə qapılarının açıq olduğunu bildirir. Ancaq hərbi əməliyyatların keçirilməsi variantı da masadadır. İran bu riski minimuma endirmək üçün Rusiya və Çinlə hərbi əməkdaşlığı gücləndirir. İranın mühafizəkar dairələri ABŞ ilə danışıqlara razı deyil. Ali lider Xamenei Prezident Pezeşkiana dialoqu qadağan edib. Təbii ki, əsas məsələ İrana dəstək deyil. Rusiya və Çinin öz maraqları var. Rusiya Ukraynada istədiyini almaq üçün İran məsələsində ABŞ ilə bazarlıq edə bilər. Rəsmi Moskvanın ABŞ-İran danışıqlarında vasitəçilik etməsinin əsl səbəbi də budur". 
Siyasi ekspertin fikrincə, Çin isə bu təlimlərdə iştirak edərək həm özünə qarşı yönəlmiş ABŞ-nin təzyiqlərinə  cavab vermək, həm Hindistana əzələ nümayiş etdirmək niyyətindədir: "Məsələ burasındadır ki, hərbi təlimlərin keçirildiyi  Çabahar limanı Hindistan tərəfindən icarəyə götürülüb. Hindistan və Çin arasında münasibətlər son zamanlar gərgin dövrünü yaşayır. Hindistanın aktiv iştirak etdiyi  Şimal-Cənub nəqliyyat dəhlizi Çinin "Bir kəmər-bir yol" lahiyəsinə alternativdir. Buna görə də Pekin Dehliyə mane olmaq istəyir. Hərbi təlimlər onun üçün bu mənada göydəndüşmədir. Ancaq belə təlimlər İranı xilas etməyəcək. Tehranın özündə də yaxşı bilirlər ki, nə Rusiya, nə də Çin İrana görə ABŞ ilə vuruşacaq".