Müvəqqəti də olsa, ərazi itkiləri ilə nəticələnəcək hansısa sənədə imza atmaq Ukrayna liderinin siyasi karyerasını bitirəcək
Bu həm də Ukraynanı çox zəif mövqeyə salacaq və ərazisinin 20 faizini itirəcək
Rusiya rəhbərliyi ABŞ Prezidenti Donald Trampın Ukraynada atəşkəslə bağlı təklifi ilə razılaşmasa, ona qarşı tədbirlər görüləcək. Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşün pozitiv keçdiyini söyləyib: “Prezident Putinlə görüşüm təxminən üç-dörd saat çəkdi. Çox pozitiv idi. Bu, Ukraynadakı münaqişənin həlli yollarına əsaslanan müzakirə idi. Mən onu məhz belə təsvir edərdim”.
Tramp yaxın günlərdə yenidən rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib: "Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Çərşənbə axşamı Prezident Putinlə danışacağam". Tramp qeyd edib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir: “Torpaqdan danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir”. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, Putin-Tramp arasında telefon danışığı çərşənbə axşamı, martın 18-nə planlaşdırılıb: “Bəli, bu, doğrudur. Həqiqətən də, çərşənbə axşamına belə bir söhbət hazırlanır”. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Ukrayna sülh danışıqlarında ABŞ ilə çox yaxşı, sinxronlaşdırılmış mövqeyə malikdir. Onun sözlərinə görə, Putinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşünün nəticələri barədə hələlik məlumatı yoxdur: “Putin yenə də Rusiyanın Ukraynanı nəhayət məğlub etdiyi barədə cəfəngiyyatını danışa bilər. Şübhə etmədiyim odur ki, öz paralel dünyasında yaşayan bu adam artıq hamını məğlub edib, əhatəyə aldığını deyir. Hər kəs təslim olmalı, silahını yerə qoymalıdır. O, üç ildir ki, döyüşür və yüzüncü dəfə hamını məğlub edir”.

Politoloq Turab Rzayev deyib ki, Rusiya və Ukrayna gözlənilən atəşkəs razılaşmasına qədər maksimum səviyyədə çalışırlar ki, cəbhə xəttində öz mövqelərini gücləndirsinlər. Anlaitikin sözlərinə görə, Rusiya düşünür ki, nə qədər çox ərazi ələ keçirərsə, atəşkəs və ya sülh razılaşmasında hər tərəf öz yerində qalacaq:
"Bu da Ukraynanın daha çox ərazisinin Rusiyada qalması və daha çox parçalanması deməkdir. Nəticədə infrastrukturları parçalanmış, dağılmış Ukrayna dövlətçiliyi inkişaf edə, ayaqda dura bilməz. Mövcudluğu sual altına düşmüş Ukrayna Rusiyanın təsiri və nəzarəti altında qalacaq. Kreml rəhbəri bunu Ukrayna Prezidenti V.Zelenskinin hakimiyyətdən getmə səbəblərindən biri kimi görür. Yəni Ukrayna danışıq masasında da uduzsa, hakimiyyətdən gedişi sürətlənər. Zelenski ona görə də indiki şəraitdə sülh razılaşması istəmir. Müvəqqəti də olsa ərazi itkiləri ilə nəticələnəcək hansısa sənədə imza atmaq Zelenskinin siyasi karyerasını bitirməklə yanaşı, həm də Ukraynanı çox zəif mövqeyə salacaq və ərazisinin 20 faizini itirəcək. Gələcəkdə Ukraynanın öz torpaq bütünlüyünü əldə etməsi çətinləşəcək, dövlət kimi mövcudluğu sual altına düşəcək".
Ekspert vurğulayıb ki, haqlı olaraq ictimaiyyətdə suallar yaranacaq ki, əgər sonda sülh olacaqdısa, niyə Zelenski manevr edərək müharibədən qaçmadı: "Aydındır ki, atəşkəs təklifinə razılıq verən Zelenski Trampa birbaşa "yox" deyə bilmir. Çünki Trampla qarşıdurma ona çox baha başa gəldi. Ukrayna ABŞ-nin maliyyə yardımından çox asılıdır. Hətta Zelenski Trampa üzrxahlıq məktubu göndərməyə belə məcbur qaldı. Cəbhədə Rusiyaya cavab verməyə gücü çatmayan Zelenski PUA-larla və s. vasitələrlə strateji obyektləri hədəf alaraq mövqeyini nisbətən gücləndirməyə çalışır. Elə Kurska da ona görə hücum edilmişdi. Ancaq nəzərə almaq lazımdır ki, Trampın hər iki tərəfə təzyiq alətləri var".