"Elə etməliyik sülh prosesi geridönməz prosesə çevrilsin və atılan hər növbəti addım sülh gündəliyinin daha da zəngilənşməsinə səbəb olsun"
Bu gün İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib:
"Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.
Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar".
Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a açıqlamasında mütəmadi olaraq iki ölkənin lideri, xarici işlər nazirləri, baş nazirlərin müavinləri səviyyəsində görüşlərin keçirildiyini xatırladıb:
"Uzun müddətdir ki, ikitərəfli və çoxtərəfli danışıqlar aparılır. Sülhə heç vaxt indiki qədər yaxın olmadığımız dönəmdəyik. Parlament sədrlərinin də sülh danışıqlarına qoşulması əhəmiyyətlidir..Sülh və ya çərçivə sazişi imzalanacaqsa, həmin sənəd parlamentlərdə müzakirə olunub ratifikasiya ediləcək. Belə bir vaxtda parlament sədrlərinin görüşməsi və müsbət açıqlamalar verməsi, sülhə biraz da yaxınlaşmağımıza xidmət etmiş olacaq”.
Deputat parlament diplomatiyasının önə keçməsinin mühüm olduğunu deyib:
“Sülh anlaşması imzalanacağı halda xalqlar arasında yaxınlaşmanı təmin etmək üçün parlament diplomatiyasının önə keçməsi və uzun müddətdən sonra soyuq buzların əridilməsi üçün addımlar atılması önəmlidir. Burada ikitərəfli səylərdən söhbət gedir. Ermənistan tərəfi səhvlərini anlayaraq, Azərbaycanla münasibətləri yaxşılaşdıracaqlarına və ölkəmizə qarşı ərazi iddialarından tamamilə əl çəkəcəkələrinə, bizə qarşı bir daha düşmən mövqe tutmayacaqlarına söz verib, buna əməl etsələr, düşünürəm ki, münasibətlərdə normallaşmanın şahidi ola biləcəyik.
Elə etməliyik sülh prosesi geridönməz prosesə çevrilsin və atılan hər növbəti addım sülh gündəliyinin daha da zəngilənşməsinə və nəhayət bu prosesi məntiqi nəticə ilə yekunlaşmasına səbəb olsun. İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək və bunun ardınca referendumun təşkili gözlənilir. Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan çıxarılacağı da istisna deyil. Sülh müqaviləsi imzalanarsa, təbii ki, sülh müqaviləsinin uzunömürlülüyünü və möhkəmliyini təmin etmək üçün hər iki dövlətin parlamentində ratifikasiya zərurətə çevrilə bilər”.