Rusiya Azərbaycanla buzları əritmək istəyir - TƏHLİL

Kreml normallaşma prosesi üçün addım atır və Bakının buna cavab verməsi başadüşüləndir

 Prezident İlham Əliyev martın 17-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında parlamentlərarası əlaqələr, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. 

Valentina Matviyenko Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığını çatdıraraq, bu məsələnin Rusiyanın istintaq orqanları tərəfindən araşdırıldığını və ona obyektiv qiymət veriləcəyini bildirib. Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında parlamentlərarası təmasların davam etdirilməsinə dair fikir mübadiləsi aparıldı. 

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Rusiya Azərbaycanla buzları əritmək istəyir. Lakin Azərbaycanla Rusiya arasında gərginlik davam edir. Ekspert vurğulayıb ki, xüsusilə Kreml Bakının tələblərinin bir çoxunu yerinə yetirməyib:

 "Açıq suallar çoxdur. Bununla belə, gərginliyin uzun müddət davam etməyəcəyi bəllidir. Azərbaycan-İran, ya da Azərbaycan-Rusiya münasibətləri hər zaman dalğalı olub. Hər iki ölkə vaxtaşırı Bakıya diş göstərmək və ya təzyiq etməyə çalışıb. Lakin şərtlər və reallıqlar əsaslı surətdə dəyişib. Azərbaycan artıq zəif deyil və yeri gəldikdə böyük ölkələrə adekvat cavab verir. Azərbaycan üçün regionda, eləcə də dünyada əməkdaşlıq və sülh mühüm prioritetdir. Bundan başqa, dəyişən geosiyasi şərtlər fonunda Bakı şimal və cənub qonşusu ilə gərginliyi davam etdirmək istəmir. Ən önəmlisi Rusiya normallaşmaq üçün addım atır və Bakının buna cavab verməsi başadüşüləndir. Putinin İlham Əliyevi Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət etməsi və dövlət başçısının razılaşması Bakının da normallaşmada maraqlı olduğunu deməyə əsas verir".