O məktəbin SEVİNCi getdi: 11 yaşlı fidanımız da dəm qazının qurbanı oldu



Ailədə uşaq varsa, hansı yaşda olur-olsun, mənzildə təhlükəsizlik tədbirləri ən üst səviyyədə olmalıdır



Sumqayıtda ölüm hadisəsi baş verib. Hadisə şəhərin 10-cu mikrorayonundakı mənzillərdən birində qeydə alınıb. 2009-cu il təvəllüdlü Əmiraslanova Sevinc Elman qızı hamamda dəm qazından boğularaq ölüb. 11 yaşlı Sevinc Əmiraslanova Sumqayıt şəhər 28 saylı tam orta məktəbin şagirdi idi. S.Əmiraslanovanın atası Elman Əmiraslanov Sumqayıt Dövlət Yol Polisinin əməkdaşıdır. Faktla bağlı hazırda araşdırma aparılır.

Baş vermiş faciə ilə bağlı Sevincin təhsil aldığı məktəbin müəllimi Aygün Riayıtqızı sosial şəbəkədə status yazıb və hadisədən bütün məktəb kollektivinin sarsıldığını dilə gətirib:  

“Məktəbimizin SEVİNCİ, ruhun şad olsun. Körpə mələk. Nə deyəcəyimi, nə yazacağımı bilmirəm. Allah valideynlərinə səbr versin...”

Dəm qazı ilk dəfə deyil ki, can alır. Amma bu cür halların azyaşlılarla bağlı baş verməsi ikiqat ağırdır. İstər-istəməz, qınamağa subyekt “axtarılır”. Çünki dəm qazı faciəsi təbii fəlakət deyil. Bu, mənzildə, hamam otağında su qızdırıcının düzgün quraşdırılmaması, yaxud nasaz vəziyyətdə olması, bəzən də mənzil sakinlərinin adicə səhlənkarlığı səbəbindən baş verir. Mütəxəssislər daim xəbərdarlıq edir ki, mənzillərdə elektrik qızdırıcıları, qaz sobaları ilə ehtiyatlı olun, su qızdırıcıların düzgün quraşdırılması haqda da məlumatlar verilir. Amma nədənsə, dəm qazı kabusu can almaqda davam edir.                                                                                    


Baş vermiş faciə ilə bağlı dərin təəssüfünü bildirən “Sağlam toplum” İctimai Birliyinin sədri Lalə Mehralı  “Şərq”ə açıqlamasında bu cür xəbərlərdən sarsıldığını söylədi: 

- Öncə Sevincin valideynlərinə Allahdan səbr diləyirəm. Dəhşətli faciədir. 11 yaşlı fidanımız həyata əlvida dedi. Nə səbəbdən? Dəm qazından. Axı dəfələrlə əhaliyə xəbərdarlıq edilir ki, dəm qazı ilə ehtiyatlı olun, Azərbaycan Dövlət Neft Şirkəti illərdir tv-lərdə sosial çarxlar yayımlayır. Küçələrdə də bu məzmunlu reklam lövhələri var. Əhalimiz, vətəndaşlarımız son dərəcə ehtiyatlı olmalıdır. Xüsusən də evdə körpə uşaqlar, azyaşlılar varsa. Neçə dəfə şahidi olmuşuq ki, azyaşlı uşaq yuxarı mərtəbədən yıxılıb. Yaxud uşağın əli ətçəkən maşının içində qalıb. Nə bilim, uşaq şirə çəkənlə oynayır, ütü ilə oynayır, tozsoranı dartıb gətirir...Valideynlər inciməsin, bunlar məsuliyyətsizlik və səhlənkarlığın nəticəsidir. Valideyn üçün bala itkisindən dəhşətli heç nə ola bilməz. Amma valideyn də bir az məsuliyyət hissini artırmalıdır. Deyəndə, ətçəkən maşını niyə uşağa vermisiniz, deyirlər, nə edək, oyuncaqla oynamır, belə qeyri-adi əşyalar istəyir. Bunlar hamısı, valideynlərin özünü “təmizə çıxarmaq”, məsuliyyətdən yayınmaq və səhlənkarlıqlarını ört-basdır etmək vasitəsidir. Əgər uşaq iki ayağını bir başmağa dirəyib “yox, mən mütləq ətçəkən maşınla oynayacam” deyib israr edirsə, o valideynin işi “tamamdır”. Böyüdükcə, uşaq onun sözünə heç qulaq asmayacaq.  Ailədə uşaq varsa, hansı yaşda olur-olsun, mənzildə təhlükəsizlik tədbirləri ən üst səviyyədə olmalıdır. Xüsusilə də elektrik cihazları, qaz sobalarının təhlükəsizliyinə daim diqqət edilməlidir. Analar var ki, uşağı göndərir yuyunmağa, özü əyləşir televizorun önündə. Əlbəttə, mən bunu bütün analara, bütün valideynlərə aid etmərəm. Təbii ki, məsuliyyətli, gözü uşağın üzərində olan valideynlərimiz var. Bununla belə qaz sobaları, su qızdırıcılar, xüsusilə də hamam otağında quraşdırılmış su qızdırıcıların normal, doğru çalışıb-çalışmadığı mütəmadi yoxlanmalıdır. Ümumiyyətlə, evdəkilər hamam otağına keçən şəxsi diqqətdə saxlamalı, tez-tez vəziyyəti ilə maraqlanmalıdırlar. Son vaxtlar dəm qazı təhlükəsinin belə geniş yayılması bunu vacib edir, xüsusi diqqət tələb edir.