Ciddi mübarizə aparmaq lazımdır: "Dövlətin də, cəmiyyətin də rolu olmalıdır"
Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib. Araşdırma nəticəsində "Saipa"dakıların hərbçi olduğu məlum olub.
Maşındakı 5 hərbçidən 4-ü hadisə yerində vəfat edib, 1-i isə ağır xəsarət alıb. “Opel” markalı avtomobilin sürücüsü yaralanıb, onun sərnişini olan mülki şəxs isə ölüb. Qəza yerindən çəkilmiş fotoda “Opel” markalı avtomobilin üzərində “Bolt” taksi nişanı görünür.
Faciəli hadisə barədə "Sherg.az"a danışan nəqliyyat eksperti, "Avtosfer" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı qayda pozanlara qarşı ciddi mübarizənin aparılmasını zəruri hesab edir:
"Bir qəzada dörd hərbi qulluqçunun ölümü çox ağır faciədir. Belə hadisələrə bir az geniş aspektdən yanaşanda məlum olur ki, burada zərər təkcə onların ailəsinə deyil, həm də bütövlükdə cəmiyyətə və dövlətə dəyir. Təsəvvür edin ki, həmin hərbçilər döyüşdə 40 düşmənin başını əzərdilər. Onlar gələcəyin bölük komandiri, hərbi hissə komandiri ola bilərdilər. Onlar neçə- neçə əsgər hazırlaya bilərdilər. Onu da unutmayaq ki, onların yetişməsi üçün dövlət illərdir xərc sərf edir, əziyyət çəkir. Bir qəza isə hər şeyə son qoyur. Odur ki, yol qəzalarına qarşı ciddi mübarizə aparmaq lazımdır. Burada dövlətin də, cəmiyyətin də rolu olmalıdır. Qayda pozanlara qarşı ictimai mübarizə daha da gücləndirilməlidir...".