Özünü XDMX-nin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb


Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, mayın 28-də gecə saat 3 radələrində Yasamal rayonu ərazisində xidmət aparan DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görüb ona yaxınlaşıblar.

Həmin şəxs, özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib. O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri tibbi yardım göstərilməsi məqsədi ilə dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polis əməkdaşlarında əsaslı şübhələr yaranmış və o, müvafiq araşdırmaların aparılması məqsədilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və XDMX-nın əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilmişdir.

E.Əhmədov izahatında xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib.

Araşdırmalar zamanı o da müəyyən edilmişdir ki, E.Əhmədov mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Ağdaş RPŞ tərəfindən də axtarışdadır.

Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.