Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, bu gün Azərbaycanda heç kəs əsassız yerə həbs olunmur: “Qanun qarşısında hamı bərabərdir. Kimliyindən, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq hamı qanunlara əməl etməlidir. O ki qaldı vətəndaş Əmirov Ruslan Təhməz oğlunun inzibati qaydada həbs edilməsinə burda heç bir saxta və ya siyasi motivdən söhbət gedə bilməz. Bu adam doğulduğu Masallı Rayonunun Eminli kəndində daimi qeydiyyatdadır. Xüsusi karantin rejiminin tələblərinə görə rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakıya girişi məhdudlaşdırılıb. Ruslan Əmirov bunu bilə-bilə Masallıdan Bakıya gəlir. Lakin Bakı-Ələt-Astara yolunun 65-ci km-də quraşdırılmış polis postunda hamı kimi ondan da sənəd təqdim etmək tələb olunur. Ruslan Əmirov qeydiyyatının Bakıya olmadığı üçün sənəd təqdim etməkdən imtina edib. Polislər xüsusi texniki vasitənin köməyi ilə onun qeydiyyatının Bakıya olmadığını müəyyən ediblər. Bundan sonra o polisin qanuni tələbinə qəsdən və bilərəkdən tabe olmadığına görə saxlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 15 sutkalıq inzibati qaydada həbs olunub. Göründüyü kimi Ruslan Əmirovun inzibati qaydada həbsi tam qanunidir”.