Yevlaxda çətənə bitkisi yetişdirən şəxs tutuldu


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Rafiq Əhmədov saxlanılıb.

R.Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, hündürlüyü 25-225 santimetr olan çəkisi səkkiz kiloqramdan artıq 45 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.