“AŞPA-nın anti-Azərbaycan addımları fiaskoya uğrayacaq”

“Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil”

“Bu təşkilatda  anti-Azərbaycan meylləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiya dayanır”



“AŞPA kimi qurumların ikili standartları, Azərbaycanla bağlı gülünc, saxta və qərəzli bəyanatları, anti-Azərbaycan addımları həmişə fiaskoya uğrayacaq, Azərbaycanın artmaqda olan beynəlxalq nüfuzuna xələl gətirə bilməyəcək”. 
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib. Xanım parlamentari qeyd edib ki, dövlətimiz xarici anti-Azərbaycan dairələrinin fəaliyyətlərinə ən yüksək səviyyədə reaksiya göstərməklə qalmır, bütün sahələrdə ciddi tədbirlər həyata keçirir, məxfi planları ifşa edir və Azərbaycanın güclü dövlət quruculuğunu bir daha təsdiq etmiş olur: 

“Əlbəttə ki, bu sahədə əsas missiya ölkə rəhbəri cənab İlham Əliyevin üzərinə düşür. Cənab Prezidentin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən, bir qrup idmançı ilə görüşdə geniş formada bu məsələlərə toxundu. Ölkə başçısı çıxışında iki vacib istiqaməti fərqləndirdi.

Birincisi, Ermənistanın terror dövləti olmasını xüsusilə qeyd etdi və yaxşı bilirik ki, hələ “Valday”da, Bişkekdə, Münhendə Prezidentimiz düşmən ölkə rəhbərinin faşist baxışlarını, ideoloji xüsusiyyətlərini dünyanın gözü qarşısında ifşa etmişdi. İkincisi, münaqişəyə, işğal olunmuş Azərbaycan torpalqarına münasibətdə beynəlxalq təşkilatların rolunu qiymətləndirdi.

Cənab Prezident bildirdi ki, bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər.

Bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir. Əlbəttə müəyyən istisnalar da var ki, bu detallar da ölkə rəhbərinin diqqətindən qaça bilməzdi. Ölkə başçısı qondarma “DQR” ilə və orda keçirilən saxta seçkilərlə bağlı bildirdi ki, qondarma, saxta prezident guya seçilib”.

T.Cəfərova bildirib ki, bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimi əvvəlkinin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıb ictimaiyyətə təqdim edib:

“Onların generalları oğru, dırnaqarası “qəhrəmanları” cinayətkar, rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub və axtarışa verilib. Bu nə deməkdir? O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik edib. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb.

Əlbəttə bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzib. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıb. Tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb, azərbaycanlıların tarixi irsi silinib. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir.

Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür”. Deputat qeyd edib ki, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, təlxəklər tamaşasıdır:

“Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Prezident bütün faktları sadalamaqla təkcə düşmən ölkənin hüquqa zidd, insanlığa qarşı cinayətlərini isbat etmədi, həm də bu cür dünyada sülhə təhlükə yaradan dövlətlərin arxasındakı böyük gücləri də ifşa etdi. O, beynəlxalq təşkilatlara münasibətdə açıq bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar.

Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı.

Amma təəssüf ki, AŞPA düşmən mövqeyininin təsirinə düşərək, tərəflər arasındakı ədalətli mövqeni pozdu, işğalçı barədə bir kəlmə də olsa, suverenliyimizi dəstəkləyəcək ifadə eşidilmədi. İkili standartlılığın bariz nümunəsi ilə bağlı ölkə rəhbəri qeyd etdi ki, Avropa Şurası susdu. O da nəyə görə?

Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?

Əlbəttə, Prezidentin bildirdiyi kimi, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil. Onlar anti-Azərbaycan mövqedədirlər və bu təşkilatda  anti-Azərbaycan meylləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiya dayanır”. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla bağlı bəyanatlar o qədər gülünc və saxtadır ki, dünyada baş verən polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi kimi halları görmürlər:

“Riyakar mahiyyəti ilə güclü dövlətlədə yaşanan halları ört-basdır edirlər. Hüququn işləməsi gərəkən, işğal edilmiş ərazilərdə qanun pozuntuları barədə danışmaq lazım gələndə susurlar. Amma əsas məsələ odur ki, AŞPA kimi qurumların ikilistandart tutması, daha nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanı müdafiə etməsi nəinki regional reallığı, hətta qlobal panoramanı da ortaya qoyur. Haqlı bəyanatlar bizim haqlı mövqeyimizi güclədirir, isbat edir və anti-Azərbaycan addımları fiaskoya uğradır”.