Hava limanının ərazisində itləri güllələyirlər

Leyla Əlizadə baş vermiş hadisənin qorxunc olduğunu deyib

"Sahibsiz itləri, küçə itlərini zərərsizləşdirməyin öz yolları, üsulu var. Birincisi, gərək heyvanlar pnevmatik silahla yatızdırılsın"


Sosial şəbəkələrdə Bakı hava limanı ərazisində itlərin güllələndiyini əks etdirən görüntülər haqlı təpkilərə səbəb olub. Videoda silahlı şəxsin itlərə atəş açdığı görünür. Ərazidə həmçinin dövlət qeydiyyatı nömrəsi - 90-JS-693 olan avtomobil də görüntülənib. Yayılmış görüntülərlə bağlı Heydər Əliyev Hava Limanı açıqlama verib. Açıqlamada bildirilir ki, Bakı Hava Limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparılır. “Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Şərq”ə açıqlamasında baş vermiş hadisənin qorxunc olduğunu dedi: 

- Bu, çox dəhşətli, qorxunc hadisədir. Hətta sahibsiz itlər ətrafdakılara ziyan vuracaq həddə olsalar belə, onlara qarşı bu şəkildə qəddar davranmaq yolverilməzdir. Sahibsiz itləri, küçə itlərini zərərsizləşdirməyin öz yolları, üsulu var. Birincisi, gərək heyvanlar pnevmatik silahla yatızdırılsın. Xüsusi güllələr var, məsafədən atəş açılır, qısa müddət sonra itlər hərəkətsiz qalır, bu zaman yaxınlaşıb onları toplayırlar. Və sahibsiz itlərin saxlandığı xüsusi yerə aparırlar. Qaydayla belə olmalıdır. Mən anlayıram ki, sahibsiz itlər çoxalıb, əhali bundan narahat olur, qorxur. Hava Limanının ərazisi xüsusi zonadır, bəlkə də itlər orda səyahət edənlərə təhlükə törədə bilər. Amma bu o demək deyil ki, onlarla belə qəddarcasına davranılmalıdır. O insanların bu şəkildə açıq-aşkar itləri güllələməsi həm də ondan xəbər verir ki, onlar heç kimdən çəkinmirlər. Kimsə onlara ixtiyar verib ki, gedin, itləri güllələyin. Bu çox pis hərəkətdir. 

L.Əlizadə qeyd etdi ki, küçə itlərinin çoxalmasının səbəbi sterilizasiya aparılmamasıyla bağlıdır: 

- Küçə itləri xüsusi vasitələrlə toplanmalı və onlar sterilizasiya olunmalıdır ki, törəyib artmasınlar. Bundan başqa küçə itləri quduzluğa qarşı da peyvənd olunmalıdır. Bəzən küçədə sahibsiz itlər görürük, qulaqlarında “birka” olur. Bu, həmin itin quduzluğa qarşı peyvənd olunduğunu göstərir. Deməli, o it daha təhlükəli deyil. Eyni zamanda sterilizasiya da önəmlidir, yoxsa itlərin artıb çoxalmasının qarşısını almaq mümkün olmayacaq. 

L.Əlizadə Avropa ölkələrində itləri küçəyə nəzarətsiz buraxan, yaxud da itini itirmiş vətəndaşların cərimə olunduğunu bildirdi: 

- Avropada küçədə tapılan iti sahibinə qaytarmırlar, hətta o adamı cərimə də edirlər ki, niyə itə sahib çıxa bilməyib. Deməli, itə yaxşı baxmamısınız, nəzarətsiz qalıb ki, itib. Sahibsiz heyvanlara qarşı davranış hər ölkədə müxtəlifdir. Məsələn, Türkiyədə 2017-ci ildə itlər üçün xüsusi avtomat su qurğuları quraşdırılmışdı. Qabda su qurtarana yaxın təkrar su ilə dolurdu. İtlər, küçə heyvanları ehtiyac duyduqda yaxınlaşıb o qablardan su içirdilər. Orda “Küçə heyvanları üçün sosial məsuliyyət layihələri” həyata keçirilir. Məsələn, layihənin biri “bir qab su” idi. Bu layihə Heyvan Haqları Federasiyası tərəfindən həyata keçirilmişdi. İsti günlərdə küçədəki heyvanlar susuz qalmasın deyə “Su hər canl üçün yaşamdır” şüarı ilə başladılmışdı. Vətəndaşlardan xahiş edilirdi ki, evlərin, qapıların önünə içində su qab qoysunlar, susayan heyvanlar ordan su içsin. İtlər, pişiklər də susayır, amma deyə bilmirlər. Heç kim inkar etmir, küçə heyvanları təhlükəlidir. Amma heyvanlar küçədə olmamalıdır. Küçədəki heyvan əlbəttə təhlükəli olacaq.  İnsanları da başa salmaq olar, hər küçə iti də təhülkə daşımır. Mən Maştağa qəsəbəsində yaşayıram. Orda da küçə itləri var. Amma ətrafdakı qonşulara, uşaqlara başa salmışam ki, itdən qorxmaq lazım deyil, it görəndə qaçmayın, o sizə heç nə etməyəcək. Bizim küçədə, məhəllədə itləri daşlamırlar, vurmurlar. Əksinə, onlara yemək gətirirlər. Bununla belə, küçə itlərinin sterilizasiyası mütləq aparılmalıdır ki, artıb çoxalmasınlar.