Bir faciənin izi ilə...

Təkcə uşaqlar qəddarlaşmayıb, elə valideynlər də dəyişib

"İnternet resurslardakı oyunlar, filmlər, sosial şəbəkələrdə yayılan müxtəlif videolar aqressiyanın artmasına, zorakılığa rəvac verir"


16 yaşlı yeniyetmə tərəfindən döyülmüş 14 yaşlı uşaq bir neçə gün sonra xəstəxanada vəfat edib. 
Baş Prokurorluğun məlumatında bildirilir ki, “iyunun 20-də Ağsu rayon sakini Nihad Məmişovun daha əvvəl almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub. Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. İstintaqla müəyyən edilib ki, iyunun 15-də 16 yaşlı C.Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölüb.

C.Müseyibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir”.

Ortada dəhşətli bir hadisə, 14 yaşlı övlad itkisi yaşayan, arzuları param-parça valideynlərin faciəsi, 16 yaşlı yeniyetmənin də məhv olmuş gələcəyi var. Təkcə ona görə yox ki, bu yeniyetmə islah əmək müəssisəsinə, ya da cəzaçəkmə müəssisəsinə düşəcək, ən gözəl illərini orada keçirməli olacaq, daha çox ona görə ki, bu yeniyetmə cəmiyyət üçün artıq itirilmiş birisidir. Bəlkə də yox?! Dünyada belə nümunələr də var axı. Cinayətkarların islah olunub normal həyata dönüşü, hətta elm adamı, tanınan sənətkar olmaları. Bunlardan keçək məsələnin digər yönlərinə. Uşaqlar niyə belə aqressivləşib? Səbəblər onsuz da məlumdur. Üzdə olan səbəblər təbii ki. Dindirsən, çoxumuz “telefon, kompüter, internet, qorxu, dəhşət filmləri, qəddarlıq içərən oyunlar uşaqların “evini yıxdı”, deyəcəyik. Təkcə bunlarmı? Küçəmizin uşaqlarının dalaşdığının bir neçə dəfə şahidi olmuşam. Ayırmağa çalışmışam, “olmaz, dalaşmayın”. Məğlub olmuş birisinin dözməyərək qalxıb yenidən “qalib”ə tərəf yürüdüyünü görmüşəm və qolundan yapışmışam; olmaz, bala, eləmə. Bir qonşu başını qapıdan çölə çıxarmayıb ki, görəsən nə səs-küydü. Halbuki, küçədə dalaşa-dalaşa oynayan onların balalarıdı. Səhlənkarlıq, soyuqqanlılıq. Başları nəyəsə qarışıqdı evdə. Deyək ki, uşaqların aqressiyasının səbəbini bildik. Bəs valideynlər? Valideynlər ki, smartfonda qəddar məzmunlu oyunlar oynamır, qorxu, “boyevik” filmləri aludəçisi deyillər (bəlkə də aludədirlər – M.R.). Bəs onlar niyə belə aqressivdir? Hadisə barədə məlumat sosial şəbəkədə paylaşılıb, altındakı rəylərin 90 faizindən “öldürərəm, didərəm...” qışqırtısı gəlir. Niyə? Axı öldürən Allah eləməsin, sizin də övladınız ola bilər? Hər hansı səbəbdən. Siz çox yaxşı valideyn ola bilərsiniz, övladınıza gözəl tərbiyə vermiş ola bilərsiniz, övladınız da sözə baxan, əxlaqlı, etikalı birisi. Amma həyatda kimsə cinayətdən sığortalanıbmı? Biz sabah başımıza hansı hadisələrin gələcəyini bilmirik. Cinayətkar cəzalanmalıdır, bu, sözsüz. Lakin bir ananın – qadının əliyləmi?.. Ana övladına görə ağlasığmaz hərəkətlər edə bilər. Övladı təhlükə qarşısında olan ananın, atanın özünü uçuruma belə atacağı şəksizdir. Amma başqasına qarşı bu cür aqressiya sərgiləmək, həm də hadisənin tam təfərrüatı bəlli olmadan, təəssüf doğurur. Sonra da deyirik, uşaqlar niyə aqressivdir? Bizdən “yoluxmuş” olmasınlar?! Sosial şəbəkədəki rəylərdə yenə aqressiya, yenə sui-zənn, dünyanın az qala bütün cinayətlərini qarşıdakının üzərinə yükləmək, özünü təmizə çıxarmaq ağır basır. Rəylərə baxaq, sonra psixoloqu, hüquqşünası dinləyək. 
Həbibə Abdulla: 14 yaşlı uşağı 16 yaşlı yeniyetmə döyüb öldürüb. 

O günü qonşunun 12-13 yaşlı qızı Nərgizi vurmuşdu, zərbədən Nərgizin dodağı qanamışdı. Özümü evdə 5 dəqiqə tutdum ki, əsəblərim sakitləşsin, sonra çıxım. Bilirdim ki, o əsəblə çıxsam, mən də o uşağı vura bilərəm. Övladlarımın telinə toxunanı məhv etməyə hazır adamam. İndi ölən uşağın valideynlərinin vəziyyətini düşünürəm. Bu halda qanunla, hüquqla lazım olan cəza mənə görə, ən azı ömürlük həbsdir. Bir insanı həyatdan etməyin yeganə layiqli cəzası ömür boyu insan kimi yaşamamaqdır. Allah o uşağın yaxınlarına səbir versin!   

Aynur Şahkərimova: Deyirlər , 5-6 uşaq birdən döyüb. Dəhşətdir. 

Həbibə Abdulla: Təsəvvürümə belə gətirə bilmirəm ki, necə dözmək olar. 

Aynur Şahkərimova: Allah uzaq eləsin, düşünməsi belə adamı məhv edir.

Fuad Əskərov: Yeniyetmə olduğu üçün islah olunacaq. Gənc nəsildə bu qədər nifrət hissinin yaranma səbəbləri araşdırılmalıdır. Cəza hər şey demək deyil.

Xaqani Səfəroğlu: Uşaqlar arasında qəddarlıq artıb...

İlhamə Tekin: Necə də gözəl uşaqdır. Məncə, qəsdən can alanın canı alınmalıdır!!! Və ya linç olsun, qatil ölən uşağın yaxınlarının əlinə verilsin!!! Belə olsa birinə toxunmadan öncə azğın məhluqlar min kərə düşünürlər. 

Gülbən Abdullayeva Ruşanova: Tamamilə doğrudur! Can alanın canı alınmalıdır! Nəyi islah edəcəklər ki? Adamı döyərək öldürəni necə islah etmək olar? Qəza deyil, təsadüf deyil, qəsdən, bilərəkdən!

İlhamə Tekin: Bəli, qəza ilə, təsadüf durumlar istisna olmaqla, qəsdən, planlı şəkildə, düşünülmüş bir vəziyyətdə can alanın canı alınsın! Nədən ölüm hökmü qaldırılıb bilmirəm.

Könül Aypara: Dişimlə didərəm!

Cəmilə Rüstəmova: Təəssüf ki, belə ailələrdə böyüyən, tərbiyə alan uşaqlardır səbəbkar. Nə deyəcəyimi, nə yazacağımı bilmədim. Şəxsən, mən dövlətin ixtiyarına buraxa bilməzdim. Əvvəl özüm hesablaşardım. Sonunda ölümüm olsa da. Övladlarımın tükünə zərər gəlsə, şirə dönürəm.

Ofelya Kərimova: Allah səbr versin. Bu uşaqlarda aqressiyanı yaradan telefondu. Bundan öncə gözəl cizgi filmləri var idi. İndi telefonda aqressiya yaradan filmlər var, bu uşaqların axırı necə olacaq? Allah qorusun. 

Faina Hənifəyeva: Uşaqlar çox qəddardılar, psixoloqlar həmişə deyir. Tam başa düşmürlər nədi, bilmirəm. Mərhəmət hissi sonradan gəlir. 

Psixoloq Elnur Rüstəmov “Şərq”ə açıqlamasında uşaqlar arasında aqressiyanın artdığını təsdiqlədi: 

- Ümumiyyətlə, aqressiya artıb. Xüsusən müəyyən davranış, ünsiyyət pozuntusu olan uşaqlar arasında. Bu cür uşaqlar cəmiyyətə adaptasiya olunmaqda çətinlik çəkirlər. İnternet resurslardakı oyunlar, filmlər, sosial şəbəkələrdə yayılan müxtəlif videolar aqressiyanın artmasına, zorakılığa rəvac verir. Uşaqda aqressiya varsa, bunun qarşısı alınmalıdır. Əvvəllər xüsusi tərbiyə müəssisələri vardı. İndi belə müəssisələr yoxdur. Valideynlərin də təəssüf ki, hamısı lazımi tərbiyə üsul və metodlarını bilmir. Baxın, sosial şəbəkələrdə uşaqların ad gününə sifariş edilmiş tort şəkilləri paylaşılır. Bir tortun üzərində uşağın adı (oğlan uşağıdır), adın yan-yörəsində tapança, təsbeh, iki zər təsvir olunub. Bunu edən bir valideyndir. Belə təfəkkürə sahib  valideyndən nə gözləmək olar?! Uşaqların tərbiyəsi piramida şəkilli olmalıdır – məktəb, ailə, uşaq. Məktəbdən danışmağa dəyməz. Dünənədək onsuz da bu halqa zəif idi, pandemiyada onlayn təhsilə keçidlə lap zəifləyib, aradan çıxdı. Valideynləri də görürük. Uşaqlardan çox valideynlər mobil telefonla günlərini keçirir. Uşağın tərbiyəsi, uşağa diqqət qalıb bir kənarda. Valideynə deyirlər, uşaq dalaşqandı, böyüyə cavab qaytarır, balacaları döyür, valideyn deyir ki, eybi yox, böyüyər, düzələr. Uşaqlar da məşğuliyyət tapa bilmir. Onların da əlində telefon, ancaq videolar, “Tik-Tok”, şəkil paylaşmaq və sair. Bu vəziyyətdə aqressiya da artacaq, cinayətlər də. 

Hüquqşünas Adəm Məmmədov “Şərq”ə açıqlamasında 14 yaşlı uşağın ölümündə təqsirli şəxs qismində saxlanmış şəxsə 18 yaşı tamam olmadığı üçün 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməyəcəyini dedi: 

- Cinayət Məcəlləsinə görə 16 yaşlı şəxs cinayətin subyekti hesab edilir. Burda qəsdən adam öldürmə də ola bilər, terror faktı, xəsarət yetirmə və sair cinayətlər də. 16 yaşlı şəxslı bağlı aparılan istintaq hərəkətləri də Cinayət Prosessual Məcəlləsinə görə tənzimlənir. Bura istintaqın valideyninin, hüquq müdafiəçisinin iştirakı ilə aparılması da daxildir. Yetkinlik yaşına çatmayanlarla bağlı ayrıca hüquqi normativlər mövcuddur. Cinayətdə təqsirli bilinən şəxs 18 yaşına çatmayıbsa, ona 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməz. Cəzasını hansı tipli müəssisədə çəkəcəyinə - tərbiyə müəssisəsində, yoxsa xüsusi rejimli və ya başqa cəzaçəkmə müəssisəsindəmi, buna məhkəmə qərar verəcək.