Erkən nikahları bilib gizlədənlər də cəzalandırılmalıdır

Prokurorluğun müraciətindən sonra ictimaiyyət problemin nə dərəcə ciddi olduğunun fərqinə varmalıdır

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

   Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva erkən nikahlarla bağlı vətəndaşlara video-müraciət edib.  Qurumun Mətbuat xidmətindən bildirilib ki, erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların doğulmasına və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. "Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır", - videomüraciətdə qeyd edilib. Baş Prokurorluq tərəfindən belə bir video-müraciətin yayılması problemin nə qədər aktual olduğunu göstərir. Erkən nikahlara tez-tez rast gəlinməsə də, bu, problemin yoxluğuna dəlalət etmir. 

Problem var və zaman-zaman özünü büruzə verir. Bir müddət əvvəl paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü N.R. (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə məlumat yayıldı. Xəzər Rayon Prokurorluğunun apardığı araşdırmalarla müəyyən edildi ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü E.M.-lə (ad və soyad şərtidir) ilə ailə həyatı qurub, yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib və xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində N.R-nin əvvəllər 28 yaşlı E.M.-lə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb. Amma bir yeniyetmənin həyatı məhv oldu. Boya-başa çatıb ölkəsinə, xalqına layiqli vətəndaş ola biləcək bir gənc qız itirildi. Bu hadisə, eləcə də bundan əvvəl baş vermiş və mümkündür ki, sonra da baş verəcək oxşar faciələr təkrarlanmasın, qarşısı alınsın, yeniyetmə qızlarımızın həyatı çiçəklənməkdənsə, məhv olmasın deyə, preventiv tədbirlər görülməlidir. 

Qeyd etməliyik ki, ölkədə bu istiqamətdə fəaliyyət aparılır. Həm Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən.  Maarifləndirici tədbirlər,  treninqlər keçirilir, yerlərdə əhalinin məlumatlılıq səviyyəsinin artmasına səy göstərilir.  Həmçinin bu məsələdə Ombudsman Aparatının fəaliyyəti də təqdirəlayiqdir. 

Ombudsman Aparatının, xüsusilə regional şöbələri maarifləndirmə istiqamətində fəaliyyət göstərir. Ombudsmanın Cəlilabad Regional Mərkəzi bu günlərdə Cəlilabad Tibb Kollecində “Məişət zorakılığına qarşı ictimaiyyət arasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə Tibb Kollecinin müəllim heyəti və tələbələri iştirak ediblər. Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbir iştirakçılarına Ombudsmanın məişət zorakılığının qarşısının alınması sahəsindəki fəaliyyəti ilə yanaşı eyni zamanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı haqqında geniş məlumat verib. Oxşar maarifləndirici tədbir Ombudsmanın Gəncə Regional Mərkəzi və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdi (“İnsan hüquqları və gender bərabərliyi” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri). Tədbirdə Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri, Qazax Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edirdilər.  Tədbir zamanı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov insan hüquqları və gender əsaslı zorakılıqla mübarizə  sahəsində Ombudsman təsisatının fəaliyyəti, habelə ölkəmizdə müvafiq sahədə qəbul edilmiş qanunvericilik aktları və həyata keçirilmiş institusional islahatlar barəsində danışıb. Qeyd edilib ki, qadın hüquqları və gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi  aktların qəbul edilməsi ölkəmizdə bu sahədə görülən işlərə öz töhfəsini verib. Tədbirdə Ombudsman təsisatının məişət zorakılığına qarşı mübarizə sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, 916 Çağrı Mərkəzi haqqında məlumat verilib. 

Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladı, belə tədbirlərin məhz əhali qrupları arasında keçirilməli olduğuna diqqət çəkdi: 

- Əvvəla qeyd edim ki, Baş Prokurorluğun mətbuat xidməti prokurorunun video-müraciəti problemin ciddiliyindən xəbər verir. Erkən nikahlarla bağlı, şübhəsiz ki, hüquq-mühafizə orqanları daha dəqiq statistikaya malikdir. Hətta statistikadan ötəsini də bilirlər. Dəqiq məlumatlara sahibdirlər. Xanım prokuror belə bir video-müraciətlə çıxış edirsə, deməli, problemi ciddiyə almaq gərəkir, ictimaiyyət olaraq hamımız problemin nə dərəcə ciddi olduğunun fərqinə varmalıyıq. Hesab edirəm ki, övladlarını erkən nikaha təhrik edən valideynlər bunun necə bir cinayət əməli olduğunu anlamır, bu əmələ görə hansı cinayət məsuliyyəti daşıyacaqları barədə məlumata sahib deyillər. Şəxsən mən övladının erkən nikahına hazırlıq görən bir ailə haqqında məlumat almışdım və onlara yaxınlaşıb bunun cinayət məsuliyyəti olduğunu, onların həbs ediləcəyini deyəndə, təəccüb etdilər, inanmaq istəmədilər də.  Amma onlara konkret Cinayət Məcəlləsindəki maddəni bildirəndə, çəkindilər və dedilər ki, bunu bilmirdilər. Həm də fikir verin, ailələr çox zaman bir-birindən nümunə alır. Deyirsən, həbs edilə bilərsiniz, məsuliyyətə cəlb olunacaqsınız, başqa qohumu, qonşunu misal çəkir ki, “bəs, filankəs niyə məsuliyyətə cəlb olunmadı?!”.  Erkən nikaha təhrik etməyə görə, səhv etmirəmsə, valideynləri 2 ildən 4 ilədək həbs cəzası gözləyir. Amma bəzən neqativ hallar baş verir və valideynlər müxtəlif qanunsuz yollarla, vasitələrlə məsuliyyətdən yaxa qurtarır, azadlıqdan məhrumetmə cəzası da yüngülləşdirilir. Belə hallar digər valideynlərə çox pis nümunə olur. Valideynlər məsuliyyətdən kənarda qalacaqlarını zənn edərək  övladlarını bədbəxt edirlər. Ona görə bu cür neqativ hallara qarşı da mübarizə aparılmalıdır. Qonşuda, qohumda, tanıdığımız ailələrdə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət üzvü olaraq hamımız buna qarşı çıxmalı, əlaqədar qurumları xəbərdar etməliyik. Hər bir vəzifə sahibi, məmur, öhdəsinə düşən işi icra etməlidir. Məktəb də buna görə cavabdehdir, yerli orqanlar da, qohum-qonşu da. Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər, əlaqədar qurumları xəbərdar etməyənlər də cəzalanmalıdır.

L.Mehralı maarifləndirici tədbirlərin əhali arasında aparılmalı olduğunu vurğuladı: - Bu problemin qarşısının alınmasına məsul orqanlar maarifləndirici tədbirləri ev-ev, qapı-qapı gəzərək həyata keçirməlidir. İnsanları məlumatlandırmaq vacibdir ki, hansı məsuliyyəti daşıyacaqlarını bilsinlər. Orta məktəblərdə də bu səpkili tədbirlər keçirilməlidir.