Motosiklet qəzaları Bakının gününü qara edib

Nömrə yox, qeydiyyat yox, vəsiqə yox, kim necə istəyir sürür

"Qəzaların, faciələrin qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilməlidir, mopedlərin dövlət nömrə nişanı ilə təmin edilməsi və qeydiyyata alınması vacibdir"

   Paytaxtda motosiklet qəzalarının sayı artıb. Təkcə ötən gün Kliniki Tibbi Mərkəzə müxtəlif motosiklet qəzalarından bir-birinin ardınca 6 yaralı gətirilib. Mərkəzin mətbuat xidmətinin məlumatına görə, gətirilən yaralılardan 3 nəfərin vəziyyəti nisbətən ağır olduğuna görə xəstəxanaya yerləşdirilib, digər 3 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, bu cür qəzalar demək olar ki, hər gün baş verir: 

“Gündəlik olaraq bir və ya bir neçə motosiklet qəzasından yaralılar gəlir. Bunların böyük əksəriyyəti qida çatdırılması ilə və ya kuryerliklə məşğul olan sürücülərdir. Ötən gün 5 belə qəza baş verib ki, nəticədə 6 yaralı gətirilib. Onlardan biri hətta piyadanı vurmuşdu və hər ikisi yaralanmışdılar”. Ümumiyyətlə, motosiklet qəzalarından gələn yaralıların statistikasında hər ay artım qeydə alınır.  

O zaman sual yaranır: nə baş verir? Yollarda, avtomobillərin arasıyla ildırım sürəti ilə ötüb keçən, tıxacda hətta səkiyə dırmaşıb özünə yol açan, piyadaları belə saya salmayan mopedləri – motosikletləri hamımız görürük. Tələsirlər. Sifariş çatdırmağa və qazanc əldə etməyə. Onlar belində qutu gəzdirən moped sürücüləridir. Hazırda daşıyıcı, ünvandan-ünvana çatdırılma ilə məşğul olan şirkətlər çoxdur. "Bolt Food", "Glovo", "Fonibo", "189 delivery", "Getir", "Voop", "Tuk-Tuk", "Zənbil"... Çatdırılma xidməti velokuryer, avtomobil, piyada və yüngül motosikletlərlə həyata keçirilir. "Wolt" şirkətinə mənsub daşıyıcılar lap çoxdur. Gündəlik qazancları təxminən 30-40 manat olur. Şəxsi motosikleti olanların işi bir az yüngüldür. Motosiklet kirayələmək üçün əlavə ödəniş etməli olmurlar. Amma hamının da motosiklet almağa maddi imkanı çatmır. Müasir şərtlər moto-kuryerliyə tələbatı artırır. İnsanlar ofisdə, evlərində əyləşdikləri yerdəcə qida ilə təmin olunmaq istəyir (yeri gəlmişkən, bu da tənbəlliyin bir növüdür). Və moto-kuryerlər də yüngül yemək həvəskarları hesabına qazanc əldə edir. Amma həm də həyatları bahasına. Yuxarıda qeyd edilən qəza statistikası kuryerlərin özlərini real təhlükə altında qoyduğunun sübutudur. Yollarmı pisdir, sürücülərmi, yoxsa tələskənlik qəzaların sayını artırır?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, pandemiya dönəmində moto-kuryerlərə tələbat çox artdı: 

- Əvvəllər şəhərdə bu qədər moped yox idi. Pandemiyada daşınma xərcləri artdı, bu da moto-kuryerliyə marağı və tələbatı artırdı. Pandemiya dövründə kafe və restoranlar uzun müddət bağlı qaldı. Evlərə çatdırma xidmətindən istifadə edilməyə başlandı. Bu vaxta qədər də ünvana çatdırılma xidməti var idi, lakin indi kimi çox deyildi. Ona görə yollarda mopedlərin sayı da artıb. Avtomobil sürücüləri də mopedlərlə yolu paylaşmağa vərdiş etməyib. Moped sürücülərinin də günahı var, çünki bir çoxları motosikleti idarə etməyi bilmir, sürücülük vəsiqələri də heç yoxdur.  Yol hərəkəti qaydalarına bələd deyillər. Elə zənn edirlər ki, kiçik həcmlidir deyə, motosikleti harda gəldi, necə gəldi sürmək olar. Bir tərəfdən də sifarişləri tez çatdırmağa, gün ərzində bacardıqca çox sifariş yerinə yetirməyə və daha çox qazanc əldə etməyə çalışırlar, ona görə də tələsirlər, yol hərəkəti qaydalarını pozurlar və qəzalara səbəb olurlar. 

E.Cəfərov motosikletlərin iştirakıyla törədilən qəzaların əsas səbəblərindən birinin qanunvericilikdəki boşluqlar olduğunu dedi: 

- Mühərrik həcmi və sürəti kiçik avtomobil vasitələrinə dövlət nömrə nişanı verilmir və onların qeydiyyatı aparılmır. Sürücülük vəsiqəsi də tələb olunmur. Bu da motosiklet sürücülərinin məsuliyyətdən kənar qalması deməkdir. 40-50 il əvvəlki motosikletlərin mühərrik hıcmi kiçik idi, sürətləri də 60 km.saat-dan yuxarı deyildi. Amma müasir motosikletlərin mühərrik həcmi də artıb, sürətləri də 100 km.saata çatır. Sürətli hərəkət edirlər. Döngələrdə xüsusilə təhlükəli manevrlər edirlər. Ötmə qaydalarını pozurlar. Belə olan halda bu nəqliyyat vəsitəsi də dövlət nömrə nişanı ilə təmin edilməli və qeydiyyata alınmalıdır, sürücülük vəsiqəsinin alınması şərti tətbiq edilməlidir. Bunun üçün də mövcud qanunvericiliyə dəyişiklik edilməlidir. Bir halda ki, mopedlər günün reallığına çevrilib, qanunvericiliyə dəyişiklik etmək vacibdir. Burda çətin nə iş var ki?! Qəzaların qarşısı yalnız bu yolla alına bilər. Başqa cür mümkün olmayacaq. Moped sürücüsü qəza törədir, amma DYP əməkdaşı sürücünü aşkarlamaqda çətinlik çəkir, ya da bu, ümumiyyətlə mümkün olmur. Çünki nömrə yox, heç bir yerdə qeydiyyatdan keçməyib, sığortası da yoxdur. Moped yolda başqa bir avtomobili vurub əzirsə, avtomobil sahibi sığorta haqqından istifadə edə bilmir. Ya da piyadanı vurub yoluna davam edir. Hardan tapacaqlar, kim idi sürücü? Ona görə də hesab edirəm ki, mühərrikli və sürəti 60 km.saatdan yuxarı olan nəqliyyat vasitələri qarşısında tələblər qoyulmalıdır. Mopedlərin dövlət nömrə nişanı ilə təmin edilməsi və qeydiyyata alınması vacibdir. Mopedlər digər nəqliyyat vasitələri ilə eyni hərəkət zolağını paylaşır. Bu halda onların xüsusi səs siqnalı, işıqları olmalıdır. Sürücülərsə mütləq şlem, kaska geyinməlidir. Bu, onların özünün də təhlükəsizliyini təmin edər.