Qan donduran hadisə

Bir sabah kənddə qəfil başladı

“Lənətə gəlmiş çörək” kəndliləri dəli etdi  

   Fransanın Grad bölgəsində kiçik bir kənd olan Pont-Saint Espritdə kəndlilər bir səhər dəhşət içində oyandılar. Kəndlilər qəribə və qorxulu yuxular danışır, qeyri-adi canlıların onlara hücum etdiyini deyir, əsəbi davranışlar sərgiləyir, hətta bir-birinə hücum çəkirdi. Bir çoxu gördüyü hallüsinasiyalara tab gətirə bilməyərək intihar etdi.  “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, bu qorxunc hadisə 16 avqust 1951-ci ildə baş vermişdi. Qan donduran bu hadisələrə kəndin çörəkçisinin səbəb olduğu deyilirdi. 

Deyilənə görə, çörək bişirən kişi tərkibində ergot göbələyi əmələ gəlmiş xarab, vaxtı keçmiş undan çörək bişiribmiş. Bu çörəkdən yeyənlərdə də beyin hüceyrələri zədələnib və onlar hallüsinasiya – qarabasma görməyə başlayıblar.  Bu hadisə tarixdə “Lənətə gəlmiş çörək” adını alsa da, səbəbi hələ də gizli qalmaqdadır. 

İllərlə araşdırma aparan mütəxəssislər baş vermiş olayların əsl, elmi səbəbini hələ də tapa bilməyiblər. Kənd sakinlərinin anlaşılmaz hərəkətlərinin səbəbi nə idi? Bir çoxu əjdəha gördüyünü deyir, bəzisi ilanların ardınca süründüyünü söyləyir, hətta yeriyə bilməyən, ayaqları iflic olan birisi “gördüyü” hansısa qorxunc heyvandan sürünərək uzaqlaşmağa can atırdı. 11 yaşlı Charles Granjhon evdən çıxaraq nənəsini öldürmək istəmişdi. Gabriel Validire isə artıq özünün həyatda olmadığını, yoldaşınınsa qarnını ilanların yediyini deyirdi. Biri deyirdi ki, üstünə pələng atlanır... Özünü pəncərədən atanlar da vardı. Kəndin heyvanları da qəribə olmuşdu. İtlər daşları çeynəməyə cəhd edirdi. Ördəklər pinqvin səsi çıxarırdı. 

Bütün bu olanlar nəticəsində 5 nəfər vəfat etdi. 300-dən artıq sakin isə psixi xəstəxanaya yerləşdirildi. 1951-ci ilin noyabr ayında “British Medical Journal”da “Zəhərlənmənin təsiri” adlı məqalə dərc olundu. Məqalədə insanların bu qəribə davranışlarına çörəyin xəmirinin hazırlandığı çovdar ununun tərkibində erqot göbələyi deyilən zəhərli göbələyin səbəb olduğu  bildirilirdi. Erqot göbələyi güclü psixi pozğunluqlar yarada bilən LSD maddəsinin tərkibində də var. Bu maddə qarabasma yaradır. Lakin bu mülahizə tam təsdiqini tapmadı. Çünki kənddəki kütləvi dəlilikdən 2 il sonra da bir neçə intihar hadisəsi baş verdi. Yeni araşdırmalar başqa bir mülahizəni ortaya çıxardı. Demə, kəndin daxil olduğu qəsəbənin yaxınlığında o dövrdə Avropada LSD preparatları istehsal edən dərman şirkəti fəaliyyət göstərirmiş. 

Amerika Kəşfiyyat İdarəsi – CİA bu dərman şirkəti ilə “MK Ultra” layihəsini həyata keçirirmiş. Layihədə LSD maddəsi qəbul edənlərin davranışları, zehində baş verən dəyişiliklər öyrənilirmiş. 

Məsələn, LSD maddəsi verilmiş Frank Olson adlı şəxs qaldığı mehmanxananın 13-cü mərtəbəsindən özünü atmışdı. İddialara görə, CİA kəndlilərə çörəklə birlikdə LSD maddəsi verərək kütlənin nəzarət altına alına biləcəyinin mümkün olub-olmadığını öyrənməyə çalışırmış. 

Lakin CİA, əlbəttə ki, iddiaları heç bir zaman qəbul etmədi. Beləcə,”lənətə gəlmiş çörək” olayı da çözülməmiş qaldı.