Nadinclik etdiyinə görə qızını öldürdü


Qatil anaya cəmi 11 il iş verildi

   Türkiyənin Tekirdağ bölgəsi Çərkəzköydə yaşayan 27 yaşlı Məryəm Doğan birinci həyat yoldaşı Yaqub İpekdən olan övladı, 3 yaşlı qızı Şükran İpəyin ölümünə baisolma cinayəti üzrə 11 il azadlıqdan məhrum edilə bilər. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, M.Doğan ikinci dəfə evlənib, körpə qızını da yanında saxlayıb. 

Ötən ilin mart ayında körpə Şükran qarnındakı ağrı səbəbiylə xəstəxanaya aparılıb. Həkimlərin müayinəsi zamanı daxili qanaxma baş verdiyi müəyyənləşib. Həkimlər qızcığazın həyatını xilas etməyə çalışsalar da, buna müvəffəq olmayıblar. Körpənin ölümü şübhəli hesab edildiyindən polisə məlumat verilib. Körpənin anası Məryəm Doğan istintaqa cəlb edilib. İstintaq zamanı M.Doğan deyib ki, mənzildə yaramazlıq etdiyi üçün uşağın qarnına 2-3 dəfə yumruq vurub. Qarın nahiyəsində sancı və ağrı da bundan sonra başlayıb: “Qızımın qarnında ağrı başladı, sonra da qaytardı. Onu xəstəxanaya aparmadım, ağrıkəsici dərman verdim. Ertəsi gün, səhər vaxtı məndən su istədi, yerdə halsız uzanmışdı. Onu bu halda gördükdən sonra həyat yoldaşımla xəstəxanaya apardıq”. 

Məhkəmədə isə M.Doğan qızını bilərəkdən vurmadığını, onu öldürmək niyyəti olmadığını deyib: “Övladımın qəyyumluğu öz atasının üzərindədir. Bir müddət əvvəl onu yanıma aldım. Öldürmək istəsəydim, bunu daha öncə edərdim. Niyə övladımın canına qəsd edim ki?!. Uşaq bundan əvvəl pilləkəndən yıxılmışdı. Bədənində göylüklər vardı. Günlərlə başından ayrılmadım. Gözümə yuxu getmədi. Belə olacağını hardan biləydim?  Uşağın halı pisləşən kimi həyat yoldaşıma zəng etdim, o da gəldi, qızımı xəstəxanaya apardıq”. Uşağın atası Yaqub İpək isə keçmiş həyat yoldaşının ən ağır cəzaya məhkum edilməsini istəyib: “İki övladımız var. Biz boşandıqda anaları onlara baxa bilməyəcəyini söylədi və uşaqların qəyyumluğu mənə verildi. Uşaqlar Kırıkkalədəki uşaq müəssəsində qalırdı. Sonra mənə zəng etdilər ki, burada körpələrin qalması üçün şərait yoxdur, onları Təkirdağa göndəririk. Dedim ki, uşaqların anası da Təkirdağdadır. Başqasıyla evlənib. Uşaqlara baxa bilməyəcək. Mən də baxa bilmirəm. İmkan olan kimi onları yanıma, İstanbula gətirəcəm. Müdir mənə qulaq asmadı, işimizə qarışma dedi.  Qızım öldüyü gün dayısı zəng edib xəbər verdi. 

Uşağı qucağıma alanda bədənində göylüklər olduğunu gördüm. Məryəm ifadəsində “uşaq mənimdir, döyərəm də, sevərəm də” deyib. 

Mən şikayətçiyəm, Məryəmdən də, müəssisə müdirindən də. Qızımı məndən izinsiz anasına təslim etdiyi üçün”. Hakim Məryəm Doğana  qəsdən adamöldürmə cinayətinə görə 14 il azadlıqdan məhrumetmə cəzası versə də, qadının sosial vəziyyəti və məhkəmədəki davranışları, səmimi etirafları nəzərə alınaraq cəzasını 11 ilə endirib.