İtlər 800 dəfə dişlədi, qanının 30 faizini itirdi


Gənc qızın yaşadığı dəhşət qan dondurur

Dəhşətli hadisə ABŞ-ın Texas ştatında baş verib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, it baxıcılığı edən 22 yaşlı Jaklin Durand ad gününü qeyd etməyə hazırlaşdığı günlərdə həyatının bəlkə də ən böyük faciəsini yaşayıb. J.Durand baxıcılıq etdiyi itlərin qaldığı mənzilə gedib. Mənzilin qapısını açar-açmaz alman cinsi it Shepard və Boxer-Pitbullun onun üzərinə atlanıb, gənc qızı parçalamağa başlayıblar. 

Qəfil hücumdan az qalsın ağlını itirən qız təcili xilasedici xidmətinə zəng edə bilib. Xilasedicilər 37 dəqiqə sonra hadisə yerinə çatıb. Bu müddət ərzində gənc qız itlərin əsiri olub və itlər onu tam 800 dəfə dişləyiblər. Qızın üzündə, bədənində salamat yer qalmayıb. Tanınmaz hala düşüb.

 Xilasedicilər mənzilə daxil olduqda əvvəlcə nə baş verdiyini anlamayıb, çünki qızın yalnız ayaqları görünürmüş, itlər də xilasedicilərin qıza yaxınlaşmasını əngəlləyirmiş. Lakin xilasedicilər güllələrin yaralıya dəyməsindən ehtiyatlanaraq itlərə atəş açmaqdan çəkiniblər. Nəhayət, itləri uzaqlaşdırdıqdan sonra Jaklini xəstəxanaya aparıblar. Gənc qız qanının 30 faizini itiribmiş. 

Başına gələn dəhşət barədə SBC-yə danışan Jaklin “öləcəyimi zənn etdim.  Çox çarəsiz idim. Artıq həyatımın sonu olduğunu düşündüm”, söyləyib. Jaklin 1 həftə komada qalıb. Üz dərisində, başında ağır yaralar uzun müddət sonra sağalıb. Jaklinin üzü hələ də tanınmaz haldadır. 

Həkimlər dəri köçürməsini məsləhət görür. İtlərin sahibi isə SBC-yə “biz bilərəkdən kimisə təhlükəyə atmadıq. 

Bu itlər indiyədək kimsəyə hücum etməmişdi”, desələr də Durand ailəsinin vəkili fərqli fikirdədir. Vəkil itlərin olduğu mənzilin qapısında “çılğın itlər. Lütfən, qapını döyməyin, zəngi basmayın.

 Telefonla zəng edin və ya mesaj yazın” qeyd edilmiş lövhə vurulduğuna işarə edərək “bu lövhə köpək sahiblərinin itlərinə bələd olduğunu  sübut edir. Sahibi itlərin qapıya gələnin üzərinə hücum çəkəcəklərini bilirmiş. Bunu bilə-bilə it baxıcısı kirayələmək cinayətdir”, deyib.