Qəzalı vəziyyətdə olan məktəb binası çökdü - VİDEO


İki ay əvvəl qəzalı və təhlükəli vəziyyətdə olan Cəlilabadın Musalı kənd tam orta məktəbi haqqında Baku TV süjet təqdim etmişdi.

Qeyd olunmuşdu ki, Fövqəladə Hallar Nazirliyinin yerli əməkdaşları məktəbdə olan qəza vəziyyətini aktlaşdırıb.

Uçması hər an gözlənilən Musalı kəndinin məktəb binası çöküb. Xoşbəxtlikdən uçqun dərs zamanı olmayıb və buna görə də xəsarət alan yoxdur. Son günlər yağan intensiv yağış və qar məktəbin uçmasını sürətləndirib. Sinif kimi istifadə olunan dəhlizin divar və döşəməsinin bir hissəsi uçub. Tikilinin özülü və bütün divarlar isə tam olaraq yerindən oynayıb.

Uçqun səbəbindən 196 şagirdi olan orta məktəbdə tədris tamamilə dayandırılıb. Şagirdlərin qonşu kənddə yerləşən Zəhmətabad kənd tam orta məktəbində tədrisə cəlb olunması təmin olunub. Bundan əlavə, Zəhmətabad kənd tam orta məktəbində yer çatışmazlığı yarandığı üçün iki sinifin şagirdlərinin tədrisi Musalı kəndində yerləşən evlərin birində təşkil edilib.

Rayon Təhsil Şöbəsinin müdir əvəzi Ağaxan Ağayev növbəti tədris ilində kəndin yeni məktəblə təmin ediləcəyini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində: