TƏBİB: Partlayış zamanı xəsarət alan daha 4 nəfər ambulator müalicə üçün evə buraxılıb


Səbail rayonunun Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə olunan daha 4 xəstə də ambulator müalicə üçün evə buraxılıb. Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən bildirilib ki, hazırda tibb müəssisələrində ümumilikdə 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.