Zaman-zaman uşaq bağçalarında körpələrə münasibətdə sərt və amansız davranış müşahidə edilir. Analoji hadisə Bakıda sığınacaqların birində baş verib."Sevgi Evi” qadın və uşaq sığınacağında körpələrə işgəncə verildiyi ortaya çıxıb.
Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla, qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M.-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.
Qeyd edək ki, sığınacağın təşkilatçısı isə Könül Qasımovadır. Məsələ ilə bağlı “Report” “Sevgi Evi” qadın və uşaq sığınacağı ilə əlaqə saxlayıb. Özünü sığınacağın rəhbəri kimi təqdim edən qadın bu barədə danışmaq istəmədiyini, hər şeyin qaydasında olduğunu söyləyib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun fikirlərinə görə, sığınacaqlara dövlət nəzarət etməlidir:
Hər hansı sığınacaq, ictimai təşkilat nəzdində yaradılıbsa, onun nəzarəti yoxdursa, məsuliyyət dövlətin üzərindədir. İcra hakimiyyətində övladlığa götürməklə bağlı qəyyumluq orqanları var. Sığınacaqda uşaqlara işgəncə verilirsə, onun rəhbəri məsuliyyətə cəlb olunmalıdır. Həmin sığınacaq bağlanmalıdır”.