Beynəlxalq təşkilatlar isə ermənilərin bu vandallıqları qarşısında illərdir susurlar
"Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz"
Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ölkələr sırasında liderlərdən biridir. Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir. Bu ölkə hazırda Azərbaycana qarşı mina terroru siyasəti həyata keçirir.
Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur.
Hazırda da erməni təxribatçıları işğaldan azad edilmiş ərazilərimizə gizli yollarla daxil olur və həmin sahələri minalayırlar. Sentyabrın 12-13-də Azərbaycan – Ermənistan sərhədində baş verən döyüşlərin səbəblərindən biri də bu təxribatla bağlıdır. Yeri gəlmişkən, həmin ərazilərə baxış keçirilərkən ermənilərin yenidən minlərlə mina basdırdıqları aşkarlanıb.
Təsadüfi deyil ki, 2020-ci ilin 10 noyabr Bəyanatından sonra indiyədək əksəriyyəti mülki şəxslər olmaqla 230-dan çox vətəndaşımız mina hadisəsinin qurbanı olub. Onlar arasında həmin ərazilərdə xidmət aparan sosial-infrastruktur layihələrinin işçiləri və hərbi qulluqçular da var.
Qeyd edək ki, Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramında çalışan Qeyri-Hökumət Təşkilatları beynəlxalq təşkilatlara son günlər ölkəmizdə baş verən mina hadisələri ilə bağlı bəyanat ünvanlayıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq millət vəkili Çingiz Qənizadə “Şərq”ə açıqlamasında bildirib ki, ermənilər həm işğal dövründə, həm də Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarkən bölgəyə çoxsaylı mina döşənib, xeyli sayda partlamamış mərmi basdırılıb. Bütün çağırışlara baxmayaraq, Ermənistan postmüharibə dövründə həmin ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib:
“Ermənistanın həyata keçirdiyi mina terroruna özlərini dünyaya sülh carçısı kimi təqdim edən beynəlxalq təşkilatların laqeyd münasibət göstərməsi ölkə ictimaiyyətində qıcıq doğurur. Haqlı olaraq hər kəs "beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməyəcəklərsə, niyə mövcuddurlar" sualı ətrafında düşünür. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz. Eyni zamanda işğal dövründə həmin ərazilərdə yaşayan mülki vətəndaşlara qarşı qeyri-qanuni davranıb, dövlət və şəxsi mülkləri talaya bilməz. Amma Ermənistan sadalanan bütün hüquq normalarına arxa çevirib. Qəbiristanlığımıza kimi dağıdıb ölülərimizin qızıl dişlərini çıxarıblar. Avropa İttifaqı ilə görüşlərdə Azərbaycan prezidenti minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana verilməsini tələb edib. Avropa İttifaqının da Ermənistanın qarşısına qoyduğu əsas şərtlərdən biri məhz həmin xəritələrin Azərbaycana təhvil verilməsidir.
Amma Ermənistan tərəfi hər zamankı kimi özünün terrorçuluq siyasətini davam etdirir. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməməsində əsas maraq isə bizim insanlarımızın öz yurd- yuvalarına qayıdışının qarşısını almaqdır”.
Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət göstərən beynəlxalq təşkilatlara hər nə qədər baş verən partlayışlar, insan itkiləri ilə bağlı məlumat versə də, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur: “Halbuki, ortada bir sıra hüquqi aktlar və həmin o təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Regionda sülh və əminamanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların statistikası hər keçən gün bir az daha artardı. Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil axı. Sülh istəyən güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki, ermənilərin təhlükəsizliyi ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər”.
Sabiq deputat deyib ki, bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməməkləri bir yana, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı da Azərbaycana dəstək göstərmir. Əslində onların bu riyakarlığı bizim üçün təəccüblü hadisə deyil:
“30 illən çoxdur biz beynəlxalq təşkilatların yeritdiyi ikili standartların şahidi olmuşuq. Ancaq bu bizi ruhdan salmamalıdır. Erməni vandalizmini özündə əks etdirən hər bir faktı aktlaşdırıb beynəlxalq təşkilatlara göndərməliyik ki, haqq davamızdan vaz keçmədiyimizi görsünlər. Əgər bu təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırsa, o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsinə zəmin yaratsınlar. Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz”.