Türkiyədə zəlzələ nə vaxta qədər davam edəcək? – Sensasion açıqlama

“Praktikaya əsaslansaq, bu dalğalar 15-20 gün, bəzən isə 6 aya qədər davam edir”

“Əvvələr Aşqabadda, Daşkənddə olmuşdu, indi Suriyanı, Türkiyəni dağıdır”

“Gələcəkdə isə Livanda olacağı ehtimal edilir. Biz bu qurşaqda olduğumuz üçün qorxmasaq da, daha məsuliyyətli olmalı və öncədən tədbirlər görməliyik"


Bu gün Türkiyənin Malatya şəhərinin Yaşılyurd rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Tələfat və dağıntı barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda isə 5,6 bal gücündə zəlzələ baş verib. Nəticədə 1 nəfər həlak olub, 110 nəfər isə yaralanıb.

Türkiyənin yerləşdiyi əraziyə uyğun olaraq zəlzələnin gözləndiyini deyən ekoloq, seysmoloq Ənvər Əliyev "Sherg.az"a vurğulayıb ki, biz hadisənin İstanbulda olacağını proqnozlaşdırırdıq:

“Hadisənin görüntülərini izlədikdən sonra təəssüfləndim. Dünya tikinti sektorunun nəhənglərindən olan Türkiyədə zəlzələyə davamsız binaların tikilməsi seysmik cəhətdən uyğunsuzdur. Ümumiyyətlə, Türkiyə Alp-Himalay qurşağında yerləşdiyi üçün hadisələr gözləniləndir. Bu fəlakət bizə və dünyaya dərs olmalıdır ki, hansı qurşaqda yerləşdiyimizi bilək. Biz həm elmi, həm də praktiki cəhətdən bəzi şeylərə əməl etməliyik. İkincisi,hazırda zəlzələlərin davam etməsi də ehtimal olunandır. 

Çünki Ərəbistan adındakı nəhəng Litosfer tavası Anadoluya doğru gəldi və həmin ərazidə toqquşma oldu. Bu Litosfer tavaları maqmanın üstündə hərəkət edən quru parçalarıdır. Bəzən onlar üstə çıxır, bəzən də biri-biri ilə toqquşurlar. Bütün seysmik qurşaqlardakı aktivliyin səbəbkarları bu tavalardır. Azərbaycan ərazisində isə bu tavanın qəflətən gəlməsi və biri-birinin üstünə çıxması gözlənilmir. Ancaq bu, bizi rahatlatmalı deyil. Biz binaların tikilişində müasir tikinti texnologiyalarından istifadə edərək 10 ballıq zəlzələyə belə davam gətirəcək binalar tikməliyik".

 Seysmoloqun sözlərinə görə,Türkiyədəki zəlzələnim yenidən təkan verməsi davamlılıq planına uyğundur:

"Zəlzələnin davam etməsi yer qabığında gedən prosesin nəticəsidir. Yəni tavaların biri-biri ilə toqquşması nəticəsində, Litosfer tavasının  üç metrə üzərə çıxıb sürüşməsi zəlzələnin davam etməsinə yol açır. Praktikaya əsaslansaq, bu dalğalar 15-20 gün, bəzən isə 6 aya qədər davam edir. Həmçinin Alp-Himalay qurşağında yerləşən ölkələrin hamısı bundan nəticə çıxarmalıdır. Çünki bu qurşaqdakı hadisələr illərdir, davam edir. Əvvələr Aşqabadda, Daşkənddə olmuşdu, indi Suriyanı, Türkiyəni dağıdır. Gələcəkdə isə Livanda olacağı ehtimal edilir. Biz bu qurşaqda olduğumuz üçün qorxmasaq da, daha məsuliyyətli olmalı və öncədən tədbirlər görməliyik".