“Avtomagistrallardakı üfüqi nişanlamalar da tezliklə düzəldilməlidir”
“10 il əvvəl ilə müqayisə etsək, bu gün ölkədə istər mədəniyyət sahəsində, istərsə də yol hərəkəti ilə baş verən dəyişikliklər Azərbaycanda kifayət qədər sürətli inkişafın getdiyini göstərir”.
bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış konfransında çıxışı zamanı deyib.
R.Nəbiyev inkişafa baxmayaraq, hələ də Azərbaycanda yol hərəkəti hadisələri nəticəsində həyatını itirənlərin statistikasından dolayı təəssüfləndiyini bildirib:
“Ötən il yol qəzalarında həyatını itirmiş şəxslərin sayı 834 nəfər olub. Bu, istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir. Amma bu bizə imkan verir ki, qəbul edilən proqramlar çərçivəsində səhvlərimizi görək, onları təkmilləşdirək, bu günə qədər qazanılan uğurlara fokuslanıb, onları daha da irəli apara bilək”.
Xarici ölkələrlə müqayisədə Azərbaycanda baş verən qəzaların və həlak olanların sayının qat-qat çox olduğunu deyən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Sherg.az"a vurğulayıb ki, bunun qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir:
"Baş verən qəzalarda sürücü məsuliyyətsizliyi daha çox rol oynayır. Biz bunun həm adi küçələrdə, həm də prospektlərdə şahidi oluruq. Yəni çox sürətlə gedən və qanunsuz manevrlər edən sürücülərlə tez-tez qarşılaşırıq. Bunun nəticəsində isə ağır yol qəzaları baş verir. Digər tərəfdən bizdəki yol nişanları başqa ölkələrə nəzərən daha azdır. Hətta bəzi yol nişanları çatışmır. Bu isə avtomobillərin qəza törətməsinə səbəb olur. Həmçinin üfüqi nişanlanmalar da doğru deyil. Bəzən geri dönüş nöqtələrində ciddi xətaların olduğunu görürük. Məsələn iki zolaqlı yolun sol tərəfi əsasən daha sürətli manevr edib gedən avtomobillər üçün nəzərdə tutulur. Amma bəzən bu zolağın birdən-birə geri dönüş yoluna çevrildiyini görürük. Bu da sürücülər arasında çaşqınlıq yardır və ciddi fəsadlara səbəb olur".
Ekspertin sözlərinə görə, yol qəzalarının qarşısını almaq üçün nöqsanları mütləq aradan qaldırılmalıdır:
"Həmçinin avtoxuliqanlıq edən sürücülər texniki vasitələrlə aşkarlanaraq, cəzalandırılmalıdır. İkincisi yol nişanları çoxaldılmalıdır. Digər tərəfdən piyada keçidlərindəki işıqlandırma çox zəifdir. Sürücülər günün qaranlıq vaxtlarında piyadaların keçdiyi yerlərdə təhlükələrlə qarşılaşır. Bundan başqa avtomagistrallardakı üfüqi nişanlamalar da tezliklə düzəldilməlidir.
Bunlarla yanaşı, sürətlə bağlı maarifləndirici lövhələrin sayını artırmaq lazımdır. Mən bir neçə yolda görmüşəm ki, lövhədə "Ata mən yolunu gözləyirəm" yazılıb. Bu bir sürücü üçün çox təsiredici bir faktordur.