"Gədəbəy rayonunun Söyüdlü kəndində hadisə baş verəndən bəri mədən ərazisində ekoloqların, səhiyyə üzrə ekspertlərin və vətəndaş cəmiyyəti fəallarının, yerli sakinlərin iştirakı ilə geniş monitorinq aparılmasını tələb edirdik. Əslində müvafiq dövlət qurumları vəziyyətin bu həddə çatmasına şərait yaratmamalı idi. Bölgədə ekoloji kirlilik və mədənlərin ekoloji norma və standartlara uyğun olmayan şəkildə istismarına dair məlumatlar var idi. İndi isə mədənə investisiya qoyan xarici şirkət də Azərbaycan qanunlarını heçə sayıb, ərazidə yaşayan vətəndaşlarımızın hüquqlarını pozub".
Bunu “Sherg.az”a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, Azərbaycan özü xarici investorları ölkəyə dəvət edir, işləmək, pul qazanmaq üçün şərait yaradır:
“ Onların işi pul qazanmaqdır. Ancaq xarici şirkət və iş adamları da iş qurduğu bölgədə ətraf mühitin, sağlam su rerurslarının qayğısına qalmalı, yerli sakinlərin fərdi təsərrüfat sahələrinə, otlaq və örüş yerlərinə zərər vurmamalıdır. İndi məlum olur ki, Söyüdlü yatağını istismar edən şirkət bu şərtləri nəzərə almayıb. Belə halda həmin şirkətlə “Söyüdlü” yatağının istismarına dair müqaviləyə yenidən baxıla bilər. Ciddi araşdırma aparılmalıdır. Hazırda Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya Gədəbəydə baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Araşdırmaların nəticələrini gözləyək. Təbiətsevər olaraq tələbimiz həmin şirkətlə müqaviləyə xitam verilməsidir. Azərbaycana dəyən zərərin miqdarı hesablanmalı və günahkarlar o zərəri ödəməlidir. Şübhəsiz, Söyüdlüdəki böhranın böyüməsində rəsmi qurumların da payı var. Vəziyyəti bu həddə gətirib çıxaran qurumlar yaranmış durumla əlaqəli hesabat verməlidir. Məsuliyyətsiz davranan, səhlənkarlığa yol verən, nəzarəti təşkil edə bilməyən qurumlar da məsuliyyətdən kənarda qalmamalıdır”.
Qedy edək ki, Prezident İlham Əliyev Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması və ictimaiyyətə məlumat verilməsi üçün yaradılan komissiyaya bir həftə vaxt verib.