Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib - YENİLƏNİB


Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən məhkəməyə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.
Məhkəmədə şahidlərin ifadələri dinlənilib.
İfadələr zamanı şahidlər bildiriblər ki, Tofiq Həsənov 2016-cı ildən çalışdığı Pentensiar Xidmətdə vəzifəsindən istifadə edərək vətəndaşlardan rüşvət alaraq, onları kiçik rəis və zabit vəzifələrinə götürüb. Təqsirləndirilən şəxs isə bu ittihamları qəbul etməyib və heç kimdən pul almadığını deyib.
Şahidlər ifadələrində qeyd ediblər ki, tələb olunan pulu birbaşa Tofiq Həsənova yox, Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə veriblər. Qoşqar Əliyev isə pulları vətəndaşlardan aldığını təsdiq edib və o, bunu Tofiq Həsənovun tapşırığı ilə aldığını və ona verdiyini deyib.
Proses yanvarın 12-də davam etdiriləcək.


10.17

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən məhkəməyə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.
Məhkəmədə şahidlərin ifadələri dinlənilir.
Qeyd edək ki, Tofiq Həsənov məhkəməyə ərizə ilə müraciət edərək prosesə onlayn qaydada qatılmasını istəyib, onun müraciəti təmin olunub.
Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.
T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə - mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur.