Fazil Mustafaya qarşı törədilən cinayət işinin məhkəməsi davam etdirilib

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Sherg.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə iclasda təqsirləndirilən Azər Səricanov dindirilib.

O, Fazil Mustafanın sosial şəbəkələrdə işlətdiyi ifadələrdən xoşu gəlmədiyini və bundan qəzəbli olduğunu bildirib.

Təqsirləndirilən Rəşad Əhmədov ifadəsi zamanı bildirib ki, təqsirləndirilən şəxslərdən təkcə Azər Səricanovu tanıyır:

"Azəri məsciddən tanıyıram. Onunla xırda biznesimiz olub, yağ satırdıq. Onun verdiyi silahı saxlamışam. Fazil Mustafaya qarşı hər hansı bir planının olması ilə bağlı məlumatım yox idi. Valehə gəldikdə isə o, mənim uşaqlıq dostum olub. Suriyada döyüşüb, ordan da səhv etmirəmsə, İrana keçərək yaşayır".

R.Əhmədovun sözlərinə görə silahı ona hadisədən qabaq təqsirləndirilən şəxs Azər Səricanov verib:

"Azər silahı saxlamağımı xahiş etdi. Mən də öz növbəmdə silahı Xəyyam adlı şəxsə verdim. Hərbiyə böyük marağım olub və arzum pilot olmaq idi. Ona görə də telefonumda bəzi yerlərin fotoların çəkib saxlayırdım. Azərin həbs olunmasını eşidib qorxdum və İrana - Qum şəhərinə getdim".

Məhkəmə növbəti iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov və Səbuhi Şirinov həbs ediliblər.