Qurban Yetirmişli: Yer sakit durmur

Türk ölkələrində güclü zəlzələ olub. Qırğızıstanın şimalında, Qazaxıstanla sərhəddə 5.4 bal gücündə zəlzələ baş verib.
Seysmologiya İnstitundan verilən  məlumata görə,  zəlzələnin episentri  Qazaxıstanın Almatı şəhərindən 37 kilometr məsafədə yerləşib. Yeraltı təkanların 15-30 saniyə davam etdiyi bildirilir. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda şəhərdə həyəcan siqnalı işə düşüb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ Qırğızıstan və Çində də hiss edilib.
Qırğızıstanda isə yeraltı təkanların episentri Çolpon-Ata şəhərindən 35 kilometr şimalda və Bişkekdən 190 kilometr aralıda İssık -Kul bölgəsində olub . Zəlzələnin episentrinə ən yaxın yaşayış məntəqələrində zəlzələnin intensivliyi Qazaxıstanın Alma-Ata şəhərində 4,5 bal, Çolpon-Atada 4 bal, Bişkek və Karakolda hər birində 3,5 bal olub.
 Qeyd edək ki, bu gün Türkiyədə də zəlzələ qeydə alınıb. Kahramanmaraşda 4,4 bal gücündə zəlzələ baş verib. Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, Kandilli Rəsədxanası zəlzələnin maqnitudasının 4,7 olduğunu açıqlayıb.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən  geologiya-mineralogiya elmləri doktoru, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Yer sakit durmur:
 “ Zəlzələlər piltələrin Yerdaxili tektonik hərəkətləri nəticəsində baş verdiyinə görə dünyanın müxtəlif seysmogen zonalarında baş verir. Yəni seysmo-aktiv bölgələrdə bu cür zəlzələlərin olması təbbi hadisədir. Bəzən zəlzələ ocaqları Yerin dərin qatlarında yerləşdiyi və təkanların gücü zəif olduğuna görə həmin təkanlar Yer səthinə gəlib çatmır. Dünyanın bütün seysmik zonalarında  yerdaxili proseslər gedir. Əksəriyyəti seysmik stansiyalar vasitəsilə qeydə alınır, bəzi hallarda isə müxtəlif bal gücündə hiss edilir”. 

İnsanların narahatlığına gəldikdə isə seysmoloq türk ölkələrində baş verən zəlzələnin Azərbaycan üçün heç bir qorxusu olmadığını deyib: 
“ Qırğızıstanda, Qazaxıstanda, Çində, hətta qardaş Türkiyədə belə qeydə alınan zəlzələlərin bizim zonaya heç bir təsiri ola bilməz. Azərbaycanda seysmik vəziyyət fon səviyyəsindədir. Səhv etmirəmsə, 11xırda təkan olub. Bu təkanlar isə ancaq cihazlar tərəfindən qeydə alınır.  Hiss olunan zəlzələlər də qaçılmazdır. Lakin respublikanın heç bir bölgəsində dəhşətli zəlzələ gözlənilmir. Sadəcə xırda təkanlarla enerji boşalmaları gedir, bir yandan da ayrı-ayrı blokların hərəkəti nəticəsində belə xırda təkanların qeydə alınması ilə litosfer “nəfəs alır””.