“Bütün ailəmiz məhv oldu”
Bütün Türkiyə 8 yaşlı Narinin axtarışlarına səfərbər olub.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Narin Güran Diyarbəkir bölgə mərkəzinə aid Bağlar əyalətində bir neçə gün əvvəl itkin düşüb. “Quran kursu”ndan sonra qızcığaz Kırsal Tavşantəpə məhəlləsində yerləşən evlərinə gəlməyib. Valideynləri uşağın gecikdiyini görüb narahat olublar. 2 saat keçdikdən sonra isə Diyarbəkir polisinə məlumat veriblər. Polis, jandarma həmin vaxtdan indiyədək Narinin axtarışlarını davam etdirir. Müşahidə kameralarına baxış keçirilib. Kamera görüntülərində Narinin tədris kursundan sinif yoldaşlarıyla birlikdə çıxdığı, məktəbdən evə gələn yolla addımladığı, sonra evlərinə tərəf gedən yola döndüyü və gözdən itdiyi görünür. Lakin Narin evə çatmayıb. Evlərinin yaxınlığındakı saman topasının ətrafı da axtarılıb. Narinin anası Yüksəl Duran “hamımızı bir-bir polisə çağırıb dindirirlər. Məni, atasını, böyük qardaşını, qonşuları, məhəllə uşaqlarını. Ailəmiz məhv oldu. Kimsəni günahlandıra bilmirik. Kim etdi, qızıma nə oldu, bilən yoxdur. Hələ kimsə şübhəli olaraq saxlanmayıb”, deyib. Hazırda axtarışlara 112 Təcili Yardım, Jandarma Axtarış-Xilasetmə, AFAD və Dəclə Universitetinin Axtarış-Xilasetmə qrupu cəlb edilib. AFAD-ın dalğıcları su kanalında, su anbarlarında, çaylarda axtarışlar aparır. Məhəllənin ətrafı, evlər, evlərin bağçası, qayalıqlar, dərə, təpə, tarlalar, ahurlar, samanlıqlar, ot tayaları – hər yer axtarılır. Polis məhəlləyə gələn və çıxan avtomobilləri də yoxlayır. Narinin anası isə sosial mediadan şikayətlənib: “Kim, nə gəldi yazır. “Narin ölüb”, “filan yerdə göründü”… Bunlar lazım deyil. Polisi azdırırlar, mane olurlar. Körpə qızcığazdır Narinim. Onun haqqında yalan, iftira yazmasınlar. Polis neçə gündür axtarışlar aparır. Hər yeri didik-didik arayırlar. Qızımı aparan kimdirsə, yalvarıram, gətirisn, dövlətin bir idarəsinin önündə qoyub getsin. Tutdurmayacam o adamı. Nə istəyirlər verərik, bütün malımızı, nəyimiz var, satarıq. Heç nə Narindən qiymətli deyil. Təki qızım tapılsın”.