Bakı metrosuna gizli girən əcnəbilərin cəzası məlum oldu

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu qarşılayan Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu barədə "Qafqazinfo"ya təqsirləndirilən fransızın vəkili Elçin Sadıqov məlumat verib.
Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilib.

Onlar metro vaqonlarını rənglədiklərinə görə xuliqanlıqda və əmlakı qəsdən məhv etmə və ya zədələməkdə ittiham olunublar.

Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Gültəkin Əsədovanın hökmü ilə Klerk Teqo Hüqoya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Digərləri isə 6 min 800 manat cərimə cəzasına məhkum ediliblər. Müttəhimlərə zərərçəkmiş quruma vurulmuş ziyan da tam ödətdirilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində baş verib.