Qazdan ölüm halları artıb: Təhlükəsizlik barədə tədbir görülmür?

Bakıda 3 nəfər qazdan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 23 yaşlı Qədimov Rauf Vəli oğlu, 21 yaşlı Minayətov Məmmədrəhim Ağasi oğlu və 20 yaşlı Səlimov Elmir Ümid oğlu yaşadıqları  evdə dəm qazından zəhərləniblər. Hər üçü Respublika  Toksikologiya Mərkəzinə aparılsa da, R.Qədimov bir saat sonra orada ölüb.
Qeyd edək ki, R.Qədimov gənc şair idi.

Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, son vaxtlar gənclərin, tələbələrin yaşadığı evlərdə bu cür faciələr baş verir:

“Tələbələr adətən ev kirayələyərkən minimum qiymətdə olmasına çalışırlar. Çünki kirayə xərclərini ödəmək, tələbənin qidalanması, yol xərcləri üst üstə pul tələb edir. Ona görə də ailə büdcəsinə uyğun qiymətə ev axtarmağa çalışırlar. Lakin bu vaxt təhlükəsizlik tədbirləri diqqətdən yayınır. Halbuki ən vacib məsələ evin təmirindən, əşyaların təzəliyindən çox təhlükəsiz vəziyyətdə olmasıdır. Qazla işləyən cihazlar təhlükəsiz vəziyyətdə olmalıdır. Ev kirayələyənlər bu hala da çox nadir hallarda diqqət edirlər. Bununla bağlı əlaqədar qurum baxış keçirəndə tədbir görüləcək deyə vəd verir. Ancaq sonra təhlükəsizlik barədə tədbir görülmür. Hamam otağının qapısında hava deşiklərinin və qaz cihazlarının standartlara uyğun olmaması məsələsi nəzərə alınmır”.