Təyyarə qəzasında həlak olan sərnişinlərdən biri əslən Dmanisidəndir

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən biri də, əslən Dmanisi bələdiyyəsinin Lök Candar kənd sakini Faiq Mustafayevdir.

24News.ge xəbər verir ki, mərhumun xalası oğlu Sultan Duniyevin sözlərinə görə, Bakıda yaşayan 31 yaşlı Faiq Mustafayev Qroznıda çalışdığı üçün mütəmadi olaraq oraya gedib-gəlirmiş.

O bildirib ki, sonuncu dəfə atası onunla səhər saat 8-də Hava Limanından yola salıb.

Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.