Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.
15:56
İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.
Bu barədə Lent.az saytı mənbələrinə istinadən xəbər yayıb.
Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.
14:12
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
13:21
İmişlidə avtomobil məktəbliləri vurub, ölən və yaralananlar var.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində avtomobil 3 məktəblini vurub.
Məktəblilərdən biri hadisə yerində ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.