Ötən ilin dekabr ayının 25-i Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir ay keçir.
APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında deyilir.
Xatırladılıb ki, hadisədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müvafiq tədbirlər üçün zəruri tapşırıqlar verilib.
“Müvafiq tapşırıqların ardından qəza nəticəsində yaralanan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunub və zərərçəkənlərin müalicəsi üçün lazımi şərait yaradılıb.
Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib.
Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib.
Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinələr olunublar.
Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda 4 pasiyentin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1 nəfərin vəziyyəti ağır stabil, stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir”, - məlumatda deyilir.