"Oğlum Elgün İbrahimovun döyülərək öldürülməsi ilə bağlı istintaq davam edir. Hazırda ekspertizanın nəticələrini gözləyirik. Prokurorluq işi ciddi şəkildə araşdırır".
Bunu Teleqraf-a açıqlamasında Gəncədə döyülərək öldürüldüyü ehtimal olunan E.İbrahimovun anası Fizzə Zeynalova deyib.
O, bütün versiyaların nəzərdən keçirildiyini və prokurorluq işçilərindən narazı olmadığını söyləyib.
F.Zeynalova övladının intihar etdiyi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərin yalan olduğunu vurğulayıb.
"Mənim oğlumun intihar etməsi ilə bağlı xəbərlər əsassızdır. Hadisədən bir gün əvvəl o, "Son zəng"ə hazırlıqlar görürdü, rəqsə getmək niyyətində idi. Hər hansı bir problemi olsa, mənimlə bölüşərdi. Yayılan görüntülərə yəqin ki, baxmısınız. Onu döyüb öldürüblər", - deyə F.Zeynalova bildirib.
Xatırladaq ki, Elgün İbrahimov bir neçə gün əvvəl Azərbaycan Texnologiya Universitetinin istifadə edilməyən yataqxanasının önündə tapılıb. Onun iniltili səsini yaxınlıqda olan peşə məktəbinin gözətçisi eşidib və hadisə yerinə gələn hüquq mühafizə orqanları onu xəstəxanaya çatdırıblar.
Lakin o, ertəsi gün vəfat edib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam edir.