Təxminən 4 min kiloqram ağırlığında olan kosmik qalığın yaxın saatlarda Aya çırpılacağı gözlənilir. Alimlər hadisənin Dünya üçün heç bir təhlükə yaratmadığını bildiriblər.
Sherg.az xəbər verir ki, ötən ilin yanvarında Ay missiyası çərçivəsində buraxılan SpaceX şirkətinin Falcon 9 raketindən ayrılan hissə Aya doğru hərəkət edir.
ABŞ-nin NASA agentliyinin məlumatına görə, saniyədə təxminən 2,43 kilometr sürətlə hərəkət edən, 4 ton ağırlığındakı raket parçasının yaxın saatlarda Ayın səthinə çırpılması gözlənilir.
NASA-nın sözçüsü Cimi Rassel bildirib ki, agentlik toqquşma bölgəsini elmi məqsədlərlə müşahidə etməyə davam edəcək. Onun sözlərinə görə, bu hadisə Dünya üçün heç bir təhlükə yaratmır.
Kembric Universitetinin astronomu Dr. Mett Botvell isə bildirib ki, Aya çox böyük bir cismin çırpılması maraqlı elmi hadisə olacaq, lakin təhlükəli deyil.
Mütəxəssislər qeyd edirlər ki, toqquşma adi gözlə görünməyəcək. Yalnız güclü teleskopa malik müşahidəçilər Ayın səthində yaranacaq qısa işıq parıltısını izləyə biləcəklər.