Ənvər Əliyev: “Əgər belə zəlzələlər olsaydı, Qız Qalası bu gün ayaqda qalmazdı”
İyunun 12-də Azərbaycanın bəzi rayonlarında baş verən zəlzələ vətəndaşları təşvişə salıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun yaydığı məlumata görə, Qəbələdə saat 15:13 radələrində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub. Yeraltı təkanlar, əsasən Mərkəzi Aran rayonlarında hiss edilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə yer səthinin və evdəki əşyaların bir neçə saniyə ərzində silkələndiyi əks olunub. Zəlzələ Bakıda baş verməsə də, meteohəssas vətəndaşlar həmin gün səhhətlərində qəfil dəyişikliklər hiss etdiklərini bildiriblər.
Mövzu ilə bağlı seysmoloq Ənvər Əliyev Sherg.az-a bildirib ki, dağıdıcı fəlakət kimi qəbul etsək də, geoloji baxımdan planetimizin daxili enerjisinin və tektonik dinamikasının əsasıdır:
“Yeraltı təkanlar qitələri formalaşdırır, atmosferin tərkibini yeniləyir və Yeri kosmik şüalardan qoruyan maqnit qalxanını qidalandırır. Yer kürəsi tektonik hərəkətlər olmadan, Mars kimi ölü planetə çevrilər. Planetimizin cənubundakı nəhəng Ərəbistan plitəsi davamlı olaraq şimala Avrasiya plitəsinə tərəf hərəkət edir. Azərbaycan məhz bu iki nəhəng plitənin toqquşduğu qaynar nöqtədə yerləşir. Ərəbistan plitəsinin Avrasiya plitəsinə doğru hərəkəti nəticəsində Qafqaz regionu sıxılma təsirinə məruz qalır. Bu səbəbdən Azərbaycanda 5 bala qədər zəlzələlərin baş verməsi geoloji baxımdan qeyri-adi hal hesab edilmir”.
Seysmoloqun sözlərinə görə, yerin altında toplanan enerji sonsuzadək sıxılıb qala bilməz:
“Zəlzələ, mütləq süxurların deformasiyası və ya digər geoloji proseslər vasitəsilə özünə çıxış yolu tapıb boşalmalıdır. Ötən günki zəlzələ, Bakıda müşahidə edilməyib. Şəki, İsmayıllı və Şamaxı zonalarında zəlzələ ocaqları yer səthinə çox yaxındır. Təsəvvür edin ki, ayaqlarınızın altında kiçik bir partlayış baş verir. Onun gücü zəif olsa belə, episentrə yaxın olduğunuz üçün yaranan silkələnməni çox güclü şəkildə hiss edəcəksiniz. Bakıda hiss edilən zəlzələlərin əhəmiyyətli hissəsi Xəzər dənizində, təxminən 30-50 kilometr dərinlikdə yerləşən seysmik ocaqlarda baş verir. Enerji o qədər böyük dərinlikdən gəlir ki, yer səthinə çatana qədər seysmik dalğalar kəskinliyini itirir”.
Ə.Əliyev qeyd edib ki, 2023-cü ildə Türkiyədə 53.537 nəfərin həyatına son qoyan zəlzələ, insanlarda psixoloji travma yaradıb:
“Vətəndaşlar Azərbaycanda da oxşar gücdə zəlzələnin baş verəcəyini düşünür. Meteohəssas insanların orqanizmi havadakı dəyişiklikləri bir növ barometr kimi hiss edə bilir. Amma bu, Bakıda da mütləq baş verdiyi anlamına gəlməməlidir. Ümumiyyətlə, tarixi faktlar Bakıda böyük insan tələfatına səbəb olacaq gücdə zəlzələlərin qeydə alınmadığını göstərir. Əgər belə hadisələr baş versəydi, XII əsrə aid Qız Qalası və digər tarixi tikililər bu günə qədər gəlib çıxmazdı”.