Beynəlxalq tədbirlər, sammitlər küçə və savaş meydanı deyil
Ankaraya gələn bütün qonaqlar ən azından təşkilatçı kimi Türkiyəyə hörmət qoymalıdır
“Əgər Ukrayna deputatları tədbirdə Rusiya nümayəndələrini görmək istəmirdisə, bunu qəbul etmirdisə, əvvəldən sammitə gəlməkdən imtina etməliydilər”
Mayın 4-də Ukrayna Ali Radasının deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Ankarada keçirilən sammitində insidentin yaranmasına səbəb olublar. Ukrayna rəsmiləri rusiyalı Olqa Timofeyevanın çıxışına mane olmağa çalışıblar. Onlar rus deputatın arxasında bayraq açıblar, Rusiya nümayəndə heyətinin üzvləri isə ukraynalıların hərəkətlərinin qarşısını almağa cəhd göstərib. Nəticədə tərəflər arasında qarşıdurma yaşanıb. Ukraynalı deputat Rusiya nümayəndəsinə ciddi xəsarət yetirib. Bundan sonra Türkiyə Parlamentinin sədri Mustafa Şentop vəziyyətə müdaxilə edərək fasilə elan edib. Həmçinin tədbirin qaydalarını pozan nümayəndə heyətinin zalı tərk etməsi tələb olunub: “Belə şey ola bilməz. İclasın dincliyini kiminsə pozmasına icazə verməyəcəyəm. Hər kəs öz sözü ilə fikrini bildirə bilər, buna heç bir maneə yoxdur, amma bu cür hərəkətlər edilsə, belə görüşlər parlament iclası olmaqdan çıxacaq və küçə hərəkətinə çevriləcək. Gedin, bunu küçədə edin. Burada icazə vermirəm". İnsident zamanı ukraynalı deputat Aleksandr Marikovskinin döydüyü Rusiya nümayəndə heyətinin üzvü Valeri Stavitskinin xəstəxanaya yerləşdirildiyi deyilib.
Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında Ankarada beynəlxalq tədbirdə baş verənlərin arzuolunmaz və təəssüf doğuran hadisə olduğunu deyib. Ekspert vurğulayıb ki, beynəlxalq tədbirlər, sammitlər küçə və savaş meydanı deyil: "Adətən qlobal sammitlərdə təcrübəli, təmkinli, sanballı siyasətçilər bir araya toplanaraq konkret məsələləri müzakirə edir, fikir mübadiləsi aparırlar. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Ankarada keçirilən sammitinə Türkiyə ev sahibliyi edir. O baxımdan Ankaraya gələn bütün qonaqlar ən azından təşkilatçı kimi Türkiyəyə hörmət qoymalıdır. Əgər Ukrayna deputatları tədbirdə Rusiya nümayəndələrini görmək istəmirdisə, bunu qəbul etmirdisə, əvvəldən sammitə gəlməkdən imtina etməliydilər. Yox əgər Türkiyənin dəvətinə "yox" deməyərək tədbirə qatılıblarsa, o halda təmkinli davranmalıydılar. Ukrayna deputatlarını Ankaraya dəvət edənlər ruslar deyil ki?".
İ.Vəlizadə vurğulayıb ki, beynəlxalq formatlar çərçivəsində dəfələrlə Azərbaycan və Ermənistan nümayəndələri eyni tədbirlərə qatılıblar: "Nəinki başqa ölkələrdə, hətta Azərbaycanda təşkil olunmuş beynəlxalq sammitlərə rəsmi Bakı erməniləri də dəvət edib. Çünki beynəlxalq protokol qaydaları var və bütün ölkələr onlara riayət etməlidir. İllər ərzində Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlamış, xalqımıza qarşı qətliamlar, soyqırımlar törətmiş Ermənistanın beynəlxalq tədbirlərdəki çıxışlarına, ittihamlarına dözümlü yanaşmışıq. Əlbəttə, haqqımız var idi ki, ukraynalı həmkarlarımız kimi davranaq. Ancaq özümüzə, digər ölkələrə hörmət əlaməti olaraq buna getməmişik, beynəlxalq qanunlara əməl etmişik. Birmənalı olaraq bütün savaşları, işğalçılıq hərəkətlərini pisləyirik və buna qarşı çıxırıq. Ancaq bir ölkənin nümayəndəsi harada olduğunu nəzərə almalı, qlobal sammitlərdə sivil davranış normalarına riayət etməlidir".