Türkiyənin Ədirnə şəhərindən Bolqarıstana açılan Hamzabəyli sərhəd-keçid məntəqəsində ixrac yüklərini Avropa ölkələrinə daşıyan TIR-ların növbəsi 30 kilometrə çatıb.
Sherg.az xəbər verir ki, Bolqarıstan tərəfinin intensivliyə cavab verə bilməməsi səbəbindən sürücülər saatlarla yolda gözləməli olublar.
İki gündür növbədə olduğunu bildirən TIR sürücüsü Sait Özkan həm Türkiyə, həm də Bolqarıstan tərəfinin işi ləng apardığını deyib. O, sürücülərin yemək və sanitar şərait baxımından da çətinlik çəkdiyini bildirib.
Digər sürücü Ercan Ulus isə 9-10 saatdır növbədə gözlədiyini, Bolqarıstan tərəfində pasport yoxlamasını yalnız bir nəfərin həyata keçirdiyini söyləyib. Sürücülər sərhəd-keçid prosesinin sürətləndirilməsini tələb ediblər.