Dostunun dəfn mərasiminə getdi, atasının məzarına düşərək öldü

Braziliyada dostunun dəfn mərasimində iştirak etmək üçün qəbiristanlığa gedən 48 yaşlı kişi atasının məzarının beton örtüyünün çökməsi nəticəsində həyatını itirib.

Sherg.az xəbər verir ki, hadisə Braziliyanın Espirito-Santo ştatının Linyares şəhərindəki San-Joze bələdiyyə qəbiristanlığında baş verib.

Adilson Marsaro oktyabrın 21-də yol qəzasında ölən tanışının dəfn mərasimində iştirak etmək üçün qəbiristanlığa gəlib. Mərasim iştirakçıları ilə salamlaşdıqdan sonra dostunun məzarının yerini soruşub, motosikletini və dəbilqəsini orada qoyaraq atasının məzarına yaxınlaşıb.

Marsaro beton məzar konstruksiyasının üzərində oturduğu zaman örtük qəfil çöküb və o, məzarın altındakı boşluğa düşüb. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun cənazəsi müvafiq ekspertiza üçün məhkəmə-tibb müəssisəsinə aparılıb. O, ertəsi gün həyatını itirdiyi həmin qəbiristanlıqda dəfn edilib.

Bələdiyyədən xəbərdarlıq

Hadisədən sonra Linyares bələdiyyəsi mərhumun ailəsinə başsağlığı verib və qəbiristanlıqları ziyarət edən insanları ehtiyatlı olmağa çağırıb.

Təxminən 18 min insanın dəfn olunduğu San-Joze qəbiristanlığında baş verən hadisə məzar konstruksiyalarının təhlükəsizliyi ilə bağlı suallar yaradıb. Bələdiyyənin açıqlamasına görə, ümumi istifadə sahələrinin təmizliyi və saxlanmasına qurum cavabdeh olsa da, fərdi məzarların konstruktiv vəziyyətinə və qorunmasına ailələr məsuliyyət daşıyır.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma davam edir.