Isparta şəhərində mebel üzləmə işi ilə məşğul olan Zafer Kaya eşşək arılarının yuvasına isti su tökdükdən sonra arıların hücumuna məruz qalıb. Kaya bir həftə davam edən həyat mübarizəsindən sonra doğum günündə vəfat edib.
Sherg.az xəbər verir ki, Isparta şəhərinin Davraz məhəlləsindəki iş yerində mebel üzləmə işi ilə məşğul olan Zafer Kaya ötən həftə şənbə günü emalatxanasında müştəriləri narahat edən eşşək arısı yuvasına isti su töküb.
Yuvadan çıxan arılar Kayaya hücum edərək onu sancıb. Arı sancmasına qarşı allergiyası olan Kaya ailəsi tərəfindən xəstəxanaya aparılıb.
Isparta Şəhər Xəstəxanasında bir həftədir müalicə alan Kaya bu səhər həyatını itirib. Təxminən 10 il əvvəl iki övladından birini kömür zəhərlənməsi nəticəsində itirən Kayanın həmin gün doğum günü olduğu məlum olub.