Almaniyanın Köln-Bonn hava limanında gömrük əməkdaşları ölkəyə 90-dan çox sürünən - zəhərli ilanlar və kərtənkələlər gətirməyə çalışan 45 yaşlı meksikalını saxlayıblar.
Teleqraf xəbər verir ki, Meksikada yanğınsöndürən işləyən kişi bəyan edilməli malları olmayan sərnişinlər üçün nəzərdə tutulmuş çıxışdan keçərkən özünü şübhəli aparıb.
Gömrük əməkdaşları onu narkotik testindən keçiriblər, nəticə kokain istifadəsinə görə müsbət olub. Çamadanda narkotik maddə aşkarlanmasa da, yoxlama zamanı ilanlar və kərtənkələlər, o cümlədən iquanalar tapılıb. Heyvanlar şampun və krem qablarında, plastik qablarda və corabların içərisində gizlədilib.
Adı açıqlanmayan kişi gömrük əməkdaşlarına heyvanları braziliyalı tanışlarından birinin xahişi ilə daşıdığını bildirib.
Meksikalının Almaniyaya girişinə icazə verilməyib, İstanbula (Türkiyə) geri göndərilib. Xilas edilən heyvanlara Almaniyadakı ilan fermalarından birində qulluq edilir.
Almaniya Gömrük Xidmətinin məlumatına görə, ötən il Almaniyada ümumilikdə 1300-dən çox qeydə alınmış hadisə çərçivəsində 56 600-dən artıq qorunan heyvan, bitki və ya onlardan hazırlanmış məhsul müsadirə olunub.