Hüzn günü:Adıyaman xilaskar Proteo ilə vidalaşdı




  Adıyamanda meksikalı xilasedicilərin xilasetmə işləri zamanı tələf olmuş Proteo adlı axtarış iti üçün vida mərasimi təşkil edilib. Proteo Meksikadan Türkiyəyə yardıma gələn 150 nəfərlik xilasedici komandada yer alırdı. Axtarış iti olan Proteo Adıyamanda dağıntılar altından 3 nəfərin sağ çıxarılmasına yardım edib.  “NTV.com.tr” xəbər verir ki, Proteonun təlimçisi Juan Carlos Villeda Marquez Türkiyənin kədərini paylaşdığını söyləyib: “Zəlzələ bizi çox kədərləndirdi. Türkiyənin bu kədərinə biz də, bütün Meksika xalqı üzülürük. Bura bizi ordumuz göndərdi. Qardaş ölkəyə dəstək olmağa, insanları dağıntılar altından xilas etməyə gəldik. Burada türk xilasedicilərlə birgə çalışırıq”. J.Marquez orduda itlərin təlimçisi olaraq çalışdığını deyib. Xilasetmə işlərində ən böyük yardımçısının Proteo adlı it olduğunu söyləyib: “Proteo bizim ən yaxın dostumuz, ən yaxın köməkçimizdi. Onunla Haiti, Qvatemala, Ekvador və daha bir neçə ölkədə əməliyyatlarda iştirak etmişdik. Türkiyədə isə Proteo son vəzifəsini yerinə yetirdi”. J.Marquez Proteonun timsalında can dostunu itirdiyini bildirib. “Çox üzgünəm. Gözlərim yaşarır. Bir çox əməliyyatlarda birgə çalışmışdıq. Proteo xilasetmə işlərində usta köpək idi. Onun yardımı ilə insanların yerini müəyyənləşdirib, dağıntılar altından çıxara bildik. O, xilasedici idi. Bu itki bizi çox üzdü”. Proteo Adıyamandakı düşərgə yaxınlığında torpağa basdırılıb. Hazırda AFAD çadır şəhərciyində qaldıqlarını deyən J.Marquez can dostunu Adıyaman torpağına tapşırıb gedəcəklərini, onu daim xatırlayacaqlarını söyləyib.