İçərisində 7 nəfərin olduğu təyyarə yoxa çıxdı

Kolumbiyanın San Xose şəhərində qəzaya uğradığı güman edilən HK 2803 nömrəli kiçik təyyarənin izi hələ də tapılmayıb.
Bakupost.az xəbər verir ki, mayın 1-dən bu yana təyyarə barədə xəbər alınmadığı bildirilib.
Təyyarə Ararakuara və San Xose del Quaviare bölgəsində uçarkən siqnal kəsilib. Təyyarədə 7 nəfərin olduğu qeyd olunub. Onların arasında 11 aylıq körpə və 4 yaşlı uşaq da var.
Mülki Aviasiya və Kolumbiya Hərbi Hava Qüvvələri tərəfindən verilən açıqlamada axtarışların Apaporis çayı yaxınlığındakı meşəlik ərazidə aparıldığı qeyd olunub. Axtarışların Amazon bölgəsinə doğru genişləndiriləcəyi deyilib.
Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.