İstanbulda son 41 ilin yağıntı rekordu qeydə alınıb. Güclü leysan nəticəsində meqapolisdə həyat iflic olub, bir sıra rayonlarda su və elektrik təchizatında fasilələr yaranıb.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Son 24 saat ərzində şəhərdə 1277 su basması hadisəsi qeydə alınıb. Fatih və Sarıyer rayonlarında insan tələfatı baş verib. Güclü yağış səbəbindən altı şəhərdə təhsilə də ara verilib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzinin (AKOM) məlumatına görə, Beykoz rayonunda hər kvadratmetrə 273,1 kiloqram, Sarıyerdə 208,1 kiloqram, Eyüpsultanda isə 202,8 kiloqram yağıntı düşüb. Digər rayonlarda yağıntının miqdarı 35–120 kiloqram arasında dəyişib.
Güclü leysan nəticəsində evləri və iş yerlərini su basıb. Gecə saatlarında iş yerlərində köməksiz qalan sakinlər rəsmi qurumlara məxsus ekskavatorlarla təxliyə edilib.
Əlverişsiz hava şəraiti dəniz nəqliyyatına da təsir göstərib. İstanbul Dəniz Avtobusları (İDO) Bursa-Armutlu-Yenikapı-Kadıköy və Bandırma–Yenikapı–Kadıköy istiqamətlərində bir sıra reyslərin ləğv olunduğunu açıqlayıb.