Köpək balığı üzünü dişlədi, sağ qaldı! - “İstəsəydi öldürə bilərdi”

Maurisio Hoyos sualtı dağ silsiləsi boyunca köpək balıqlarının miqrasiya modellərini araşdıran bir qrupun baş alimi idi. O, köpək balıqlarını kommersiya balıqçılığından qoruyurdu. Yenə işi ilə əlaqədar Koko adasının 40 metr dərinliyinə endiyi gün 3,5 metrlik Qalapaqos köpək balığının hücumuna məruz qaldı. 

Sherg.az ölümün bir addımlığında olan alimin yaşadığı dəhşət dolu anları və möcüzəvi xilas hekayəsini təqdim edir…

30 ildən artıq təcrübəyə malik dəniz bioloqu Maurisio Hoyos 27 sentyabr tarixində qoruma məqsədli tədqiqatlar aparmaq üçün köpək balıqlarını nişanlamaq məqsədilə dalğıc avadanlıqları ilə birlikdə Kosta Rikanın yüzlərlə kilometr cənub-qərbində yerləşən Koko adasına yola düşdü. O, həmkarları ilə birlikdə köpək balıqlarına akustik cihazlar yerləşdirərək onların cütləşmə və yumurtlama sahələrini müəyyənləşdirəcəkdi. Lakin birlikdə səyahət etdikləri turistlər suda köpək balığı gördüklərini deyəndə vəziyyət dəyişdi…

Gəminin kapitanına “ən çoxu beş dəqiqə” qalacağını deyən Hoyos avadanlıqlarını geyinib suya girdi və tədricən dərinliyə enməyə başladı. Bir neçə dəqiqə ərzində 40 metr dərinliyə çatan Hoyosun qarşısına köçəri növ olan Qalapaqos köpək balığı çıxdı. Meksikalı dəniz alimi dərhal köpək balıqlarını nişanlamaq üçün istifadə etdiyi xüsusi zıpkını işə saldı və hədəfi vurdu. Zıpkın hesabladığı kimi köpək balığının bel üzgəcinin dibinə dəydi. Lakin bundan sonra tamamilə gözlənilməz bir hadisə baş verdi - artıq hədəf 48 yaşlı Hoyosun özü idi.

Təxminən bir metr məsafədə olan köpək balığı ağzını sonuna qədər açaraq bədbəxt alimin üzərinə atıldı. Ölümlə üz-üzə qalan Hoyos həmin anları belə təsvir edir:

“Uzunluğu 3-3,5 metr olan bu nəhəng dişi köpək balığı yanımdan keçib dibə doğru yönəldi. Mən də bel üzgəcinin altına cihaz yerləşdirmək üçün mövqe tutdum. Bir çox köpək balığı növünə cihaz taxmışam, amma bunun reaksiyası digərlərindən fərqli idi. Cihazın metal ucu daxil oldu, lakin dərhal qaçan digər köpək balıqlarından fərqli olaraq bu geri döndü, mənə baxdı və qəfil üzərimə atıldı. Bu anda şah damarımı qorumaq üçün dərhal başımı əydim. Çənəsini bağlayanda alt çənəsinin yanağıma, üst çənəsinin isə başıma batdığını hiss etdim. Bir anlıq çənəsinin içində qaldım, sonra qəfil ağzını yenidən açdı. İstəsəydi məni öldürə bilərdi.”

Qalapaqos köpək balığının testərəyə bənzər 29 dişi var idi. Bu, Hoyosun üzündə və başında dərin yaralar açmaqla yanaşı, dalğıc avadanlığının oksigen bağlantısını da qopardı. O, hücumdan sağ çıxmışdı, lakin hələ də böyük təhlükə altındaydı. Dişlərdən biri onun maskasını cırmış, qanlı su isə onsuz da məhdud olan görmə qabiliyyətini daha da zəiflətmişdi. Qan itirən, yaxşı görə bilməyən və oksigen balonu hava buraxan Hoyos səthə çatmaq üçün bir dəqiqədən də az vaxtının qaldığını anladı. Heç nə görməyən yaralı alim səthdən gələn işığı axtarırdı. Köpək balığının diqqətini çəkəcək panik hərəkətlərdən qaçmaq üçün son dərəcə koordinasiyalı şəkildə yuxarı doğru üzməyə başladı.

Səthə çıxdıqdan sonra qayığa çəkilən yaralının vəziyyəti dərhal sahilə bildirildi. Yaralarının ağrısını xeyli sonra hiss etdiyini deyən Hoyos belə danışıb:

“Bəli, bədənimdə adrenalin vardı, amma dişləmə o qədər də ağrılı deyildi. Ən çox ağrı verən zərbənin təsiri idi. Çünki üç metr uzunluğunda və o sürətlə hərəkət edən bir köpək balığı məni dişləyəndə sanki maşın vurmuş kimi hiss etdim. Çənəmdə böyük bir göyərmə yarandı, qırıldığını düşündüm.”

Hoyos çox şanslı idi. Həm hücumdan, həm də sonradan su üzünə qalxarkən sağ çıxmaqla yanaşı, üzündə açılan 29 yaranın heç biri infeksiyalaşmadı. Zədələnmiş toxumanın təmizlənməsindən sonra sağalma prosesi də gözləniləndən daha qısa çəkdi.

“Bir çox insan okeanların köpək balıqları olmadan daha yaxşı olacağını düşünür. Bunun səbəbi onların ekosistemdə həssas tarazlığı qorumaqda oynadıqları kritik rolu anlamamalarıdır.”

Yaşadığı hücuma baxmayaraq, Hoyos yenidən suya qayıtmağı planlaşdırır və yeni bir dalış səfəri təşkil edir. O, 20 yanvarda yenidən Koko adasına gedəcək və 27-nə qədər orada qalacaq. Bununla kifayətlənməyərək hücumun baş verdiyi Roka Sucia bölgəsinə də gedərək orada da dalış edəcək.

Bu arada Hoyosun başını çənələrinin arasına alan Qalapaqos köpək balığı dərinliklərdə təbii həyatını davam etdirir. Hücumdan əvvəl cihazı yerləşdirməyi bacardığı üçün onu yenidən görəcəyinə ümid edən Hoyos yanağındakı böyük çapığı göstərərək deyib:

“Bu iz, həmin dişi köpək balığının həyatımı bağışladığının sübutudur, bunu başqa cür izah edə bilmərəm. Bu hadisə gələcəkdə köpək balıqları haqqında müsbət danışmağa və onların qorunmasını müdafiə etməyə davam etməyimə səbəb olacaq.”